Tramp Hindistan liderinin dəvətini rədd etdi SOYUQ MÜNASİBƏT

Tramp Hindistan liderinin dəvətini rədd etdi SOYUQ MÜNASİBƏT

Ağ ev, prezident Donald Trampın gələn il yanvar ayının 26-da Hindistanda – Nyu Dehlidə keçiriləcək Respublika Gününə həsr olunmuş paradda iştirak etməyəcəyini təsdiq edib. SİA xəbər verir ki, bu barədə Press Trust of India agentliyi məlumat yayıb. Belə ki, agentliyin qeyd etdiyinə görə, Ağ ev administrasiyasının mətbuat xidmətindən bu xəbərin doğru olduğu bildirilib və qeyd olunub ki, Trampın paradda iştirak etməməsinə səbəb, onun iş qrafikinin çox olması ilə bağlıdır. “Prezident, ilk imkanda baş nazir Narendra Modi ilə yenidən görüşəcəyini hesab edir”, agentlik mətbuat xidmətinin nümayəndəsinin sitatını qeyd edib.

Qeyd edək ki, bundan öncə, Nyu Dehli Ağ evin sahibinə Respublika Günü ilə bağlı hərbi paradda iştirak etmək üçün dəvət məktubu göndərib. Belə ki, Hindistan tərəfi ənənəvi olaraq, xarici siyasi liderləri bayramda iştirak etməyə dəvət göndərir. 2015-ci ildə isə, ABŞ-ın o zamankı prezidenti Barak Obama bütün tədbirlərini təxirə salaraq, Hindistanın Respublika Gününə həsr olunmuş bayramına qatılmağa getmişdi.

Hindistan KİV-ləri isə ölkələrinin ABŞ-la soyuq münasibətləri kontekstində Trampın imtinasını belə əlaqələndirirlər ki, buna səbəb Hindistanın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq niyyəti, eyni zamanda, sanksiyalara baxmayaraq, İran neftini almaqdan imtina etməməsidir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə