Milli Məclisdə “Tvinninq” layihəsi çərçivəsində Avropa İttifaqının aktual məsələləri müzakirə olunub
Dekabrın 14-də Milli Məclisdə "Tvinninq" layihəsi çərçivəsində keçirilən növbəti tədbirdə Avropa İttifaqının aktual məsələləri müzakirə olunub. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, dəyirmi masada Litva Seyminin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, Milli Məclisin deputatları və Milli Məclis Aparatının əməkdaşları iştirak edirdilər.
Tədbiri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov açaraq 2009-cu ilin sentyabrından etibarən fəaliyyətdə olan "Tvinninq" layihəsi çərçivəsində görülmüş işlərin Milli Məclis üçün əhəmiyyətindən danışdı. Qanunvericilik prosesində parlament və icra strukturları arasında səmərəli əməkdaşlığın qurulması sahəsindəki irəliləyişdən bəhs etdi. Avropa İttifaqının qurumları, siyasəti, qanunları və qanunvericilik prosesi barədə Azərbaycan parlamentində maarifləndirmə işinin aparılmasında litvalı tərəfdaşlarımızın müstəsna rol oynadıqlarını bildirdi. Qeyd etdi ki, "Tvinninq" layihəsində tərəfdaşımız olan Litvanın rəsmi nümayəndələri bir sıra beynəlxalq qurumlarda da Azərbaycanın maraqlarını dəstəkləyirlər.
Dəyirmi masada Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingeris "Lissabon müqaviləsi: ümumi xarici siyasət və Avropa İttifaqının təhlükəsizlik siyasəti – qərarların qəbulu mexanizmi və inkişaf meylləri" mövzusunda geniş məruzə etdi. Lissabon müqaviləsini ətraflı şərh edərək bu sənəddə ehtiva olunan ümumi xarici siyasət və Avropa İttifaqının təhlükəsizlik siyasəti barədə danışdı.
Rəngli slaydlarla müşayiət olunan məruzədə Avropa İttifaqının təhlükəsizlik siyasətinə dair qərarların qəbulu mexanizmi və inkişaf meylləri də açıqlandı. Litva parlamentinin komitə sədri onu da vurğuladı ki, Azərbaycan regionda ən inkişaf etmiş ölkədir. İnanırıq ki, bu ölkə Avropaya inteqrasiya sahəsində daha böyük uğurlar əldə edəcəkdir. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması işində Litva parlamenti Azərbaycan parlamentinə daim dəstək verəcəkdir.
Sonra Litva Seyminin İnsan hüquqları komitəsinin üzvü Mantas Varaşka öz ölkəsinin Avropa İttifaqına qəbulundan sonra Litvanın Seçki Məcəlləsində aparılmış dəyişikliklər barədə azərbaycanlı həmkarlarına ətraflı məlumat verdi.
Dəyirmi masa ətrafında səmərəli diskussiya, fikir və təcrübə mübadiləsi aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirildi.
Bugünkü tədbiri yüksək dəyərləndirən hər iki parlamentin deputatları qeyd etdilər ki, belə tədbirlər Azərbaycanla Avropa ölkələri arasında əlaqələrin hərtərəfli inkişafına yeni üfüqlər açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB