“İlqar Məmmədov bir qədər hay-küy qaldırıb, susacaq” MÜSAHİBƏ
“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzovun SİA-ya müsahibəsi
- Təhmasib bəy, İlqar Məmmədov iddia edir ki, müxalifətin aparıcı və güclü partiyası yalnız “REAL”dır. Bəs digər partiyalar?
- Hər halda hər bir siyasi qurum özünü başqalarından güclü hesab edir. Amma İlqar Məmmədov hələ siyasət aləmində yeni-yeni addımlar atmağa başlayır. Onun indiyə qədər olan fəaliyyəti siyasi fəaliyyət adlandırmaq mümkün deyil. Siyasətçi üçün başlıca şərt, elektorat toplamaq, başına insan yığmaq və cəmiyyətin rəğbətini qazanmaqdır. İ.Məmmədov bu yolda yeni addımlamağa başlayır. İndiyə qədər özünü müxalifət adlandıran siyasi təşkilatlar heç biri bu günə qədər nəyə isə nail ola bilməyiblər. Yəni siyasi aləmdə heç bir uğur qazana bilməyiblər. İ.Məmmədov da onlardan biridir.
- İlqar Məmmədovun belə iddialı bəyanatlar səsləndirməsi sizcə nədən qaynaqlanır?
- Artıq xaricdəki qüvvələr müxalifət düşərgəsində fəaliyyət göstərən qüvvələrin heç nəyə nail olmayacağını görürlər. Yəni Əli Kərimli, İsa Qəmbər və digərlərindən də əllərini üzüblər. Belə olan halda da yeni bir qüvvə axtarışındadırlar. Bu qüvvə də yenicə həbsdən çıxmış İ.Məmmədovdur. Bir sözlə, xarici qüvvələr artıq Ə.Kərimlidən, İ.Qəmbərdən əllərini üzüb İ.Məmmədov rusca desək "stavka" edirlər. Amma bu real faktdır ki, İ.Məmmədovda Ə.Kərimli kimi başı xarabın biridir. Sözünü, danışığını bilməyən “REAL” sədri bir qədər hay-küy qaldırıb, susacaq.
- İlqar Məmmədovun özünü və rəhbərlik etdiyi partiyanı aparıcı partiya kimi təqdim etməsi AXCP və Müsavatın ona qarşı rəqib gözü ilə baxmasına gətirib çıxarmayacaq kı?
- İstər AXCP, istərsə də Müsavat bu gün elə bir qüvvəyə malik deyillər ki, hər hansı bir partiyaya rəqib gözü ilə baxaraq, o partiyaya nəyi isə diktə edə bilsinlər. Bu baxımdan, Əgər İ.Məmmədova xaricdə olan bəzi qüvvələr dəstək verəcəklərsə, onda ,müxalif düşərgədə müvəqqəti də olsa önə keçə biləcək. Xarici qüvvələrin dəstək veridiyi İ.Məmmədov təbii ki, AXCP və Müsavatdan da güclü olacaq.
- Demək olarmı ki, müxalifət düşərgəsində yeni partiyalararası qarşıdurmanın əsası qoyulacaq?
- Təbii ki, müxalifət düşərgəsində yeni qarşıdurmanın əsası qoyulacağı gözləniləndir. Çünki xarici qüvvələrin ayırdığı maliyyəni əldə etmək üçün müxalif partiyalar bir-birinə güzəştə getmədən mübarizə aparacaqlar. Bu isə yeni qarşıdurmaya yol açacaq. Yəni elə arasında deyildiyi kimi çörəyinə bais olmuş adamlara istər-istəməz düşmən gözü ilə baxacaqlar. Bu baxımdan, bu rəqabətin və qarşıdurmanın güclənəcəyi gözləniləndir. Amma istənilən formada xaricdən konkret olaraq kimə maliyyə vəsait ayrılacaqsa, kimə köməklik olunacaqsa bu siyasi fəaliyyətdə o da digərlərindən üstün olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB