Politoloq: "Merkelin səfəri zamanı DQ münaqişəsi müzakirə ediləcək" MÖVQE-ÖZƏL
“Almaniya Kansleri Angela Merkelin regiona səfərinin məqsədləri müxtəlifdir. Çünki, kansler Cənubi Qafqazda həm Gürcüstan, həm Ermənistana, daha sonra isə Azərbaycana səfər edəcək. Hesab edirəm ki, Merkelin Azərbaycana səfərinin əsas məqsədi isə Cənubi Qaz Dəhlizidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Səfər zamanı Azərbaycan qazının Avropaya nəqli ilə bağlı məsələlərin müzakirə olunacağını deyən politoloq söyləyib ki, hazırkı gərgin geosiyasi vəziyyətdə Azərbaycan Cənubi Qafqazda təbii ehtiyatların Avropaya nəqlində böyük rol oynamaqla yanaşı, həm də regionda önəmli oyunçuya çevrilib.
Politoloq söyləyib ki, Almaniya Avropanın aparıcı ölkəsi kimi Azərbaycanın təbii resurslarında maraqlıdır və bunu açıq şəkildə bildirir: “Almaniya Azərbaycan qazında maraqlıdır. Xüsusilə də ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar, Avropa İttifaqının ABŞ-la münasibətlərinin gərginləşməsi fonunda bu məsələlərin daha ciddi şəkildə müzakirə olunacağını düşünürəm”.
F. Sadıqov qeyd edib ki, səfər zamanı Azərbaycan və Almaniya arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin müzakirə edilməsi də nəzərdə tutulub: “Belə ki, bura siyasi, humanitar, iqtisadi, sosial və digərləri daxildir. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyinə şübhə etmirəm. Hesab edirəm ki, münaqişənin həlli əsas müzakirə ediləcək məsələlərdən biri olacaq. Burada Azərbaycan diplomatiyasından çox şey asılıdır. Aparılacaq müzakirə zamanı çalışmalıyıq ki, Almaniya aparıcı Avropa dövləti kimi Azərbaycanın reallıqlarını daha qabarıq və dərin şəkildə dərk etsin və beynəlxalq təşkilatlarda bizi dəstəkləsin”.
Politoloq əlaqə edib ki, Azərbaycanın əsas məqsədi münaqişənin həllində beynəlxalq hüquq normalarının əməl olunması, Avropa tərəfindən qəbul olunan qətnamə və qərarların yerinə yetirilməsidir: “Burada təbii ki, Almaniyadan da çox şey asılıdır. Belə ki, Almaniyanın qəti mövqeyi və yanaşması problemin həllinə öz töhfəsini verə bilər”.
Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB