Nazirlər Kabineti “Azərbaycanın xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”ni təsdiqləyib

Nazirlər Kabineti “Azərbaycanın xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”ni təsdiqləyib

Azərbaycanın Nazirlər Kabineti "Azərbaycanın xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni təsdiq edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qərara əsasən, Mədəniyyət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında dövlət başçısının sərəncamına əsasən yaradıla bilər. Mərkəz həmin ölkədəki Azərbaycan Səfirliyinin tabeliyində fəaliyyət göstərəcək. Mərkəzin saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

 

Qərarda eyni zamanda mərkəzin vəzifələri də göstərilib. Mərkəz Azərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə məlumatlandırma ilə yanaşı qəbul edən dövlətdə Azərbaycan dilinin tədrisi və təbliğinə yardım göstərməli, qəbul edən dövlətdə təhsil alan Azərbaycan vətəndaşları, həmçinin həmin dövlətin Azərbaycanda təhsil alan tələbələri və məzunları ilə əlaqələrin yaradılmasında iştirak etməlidir. Mərkəzin direktorunun aylıq vəzifə maaşı Azərbaycanın müvafiq ölkədə fəaliyyət göstərən səfirinin aylıq vəzifə maaşının 75 faizi məbləğində olacaq.

 

Direktorun fəaliyyət göstərdiyi dövrdə diplomatik xidmət əməkdaşları üçün müəyyən edilən imtiyaz və immunitetlərdən istifadə edir, onun yaşayış yeri ilə təminat normaları, nəqliyyat vasitələri üçün aylıq yürüş həddi normaları, yüklərinin daşınması, məzuniyyət, təhsil və tibbi sığorta xərcləri "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na uyğun olaraq müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə