"Bizim Ermənistandan tələbimiz işğal etdiyi torpaqları azad etməsidir" MÖVQE
“Ermənistan hər zaman ikili siyasət yürüdüb. Belə ki, düşmən ölkə bir tərəfdən Rusiyanın imkanlarından faydalanmağa, digər tərəfdən Avropaya özünü yaxın ölkə kimi göstərməyə çalışır. Rusiya Ermənistanı bacardığı qədər bundan çəkindirməyə çalışsa da, yeni hakimiyyətin açıq şəkildə Qərb yönümlü siyasət irəli sürməsi, Qərblə münaqişə yaşayan Rusiyadan narazılıq yaradır”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Son dövrlər Rusiyanın həm rəsmi, həm də ictimai siyasi dairələr tərəfindən belə siyasətin ağır nəticələr verəcəyi barədə xəbərdarlıqlar edildiyini deyən deputat söyləyib ki, düşmən ölkənin hazırkı siyasəti onun çökməsinə səbəb ola bilər: “Bildiyiniz kimi, Rusiya Ermənistana dünya bazarından 3-4 dəfə ucuz qaz satır, ucuz kreditlər verir, pulsuz silahla təmin edir, sərhədlərini qoruyur. Əgər Ermənistan hazırkı siyasətini davam edərsə, Rusiya bu ölkə ilə dünya qiymətləri şərtləri ilə danışıqlar apara bilər və bu da nəticə etibarı ilə düşmən ölkənin çökməsinə səbəb ola bilər”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın heç bir zaman hansısa ölkələr arasındakı gərgin münasibətdən istifadə etmək istəyi olmayıb: “Ölkəmiz bütün siyasətini beynəlxalq normalara uyğun şəkildə qurub. Ermənistanın daxilində gedən proseslər bizi qətiyyən maraqlandırmır. Bizim onlardan tələbimiz işğal etdiyi torpaqları azad etməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Azərbaycan bütün imkanlardan istifadə edir. Onsuz da Ermənistanın nə iqtisadi, nə siyasi nüfuzu onun bir dövlət kimi ayaq durması üçün yetərli deyil. Kənardan dəstəklər onun götürə bilməyəcəyi yükü öz çiynində saxlamasına səbəb olur. İstənilən halda, Azərbaycan daima öz ərazi bütövlüyünü təmin etmək üçün prinsipal siyasətini aparır və həmin nəticələri görəcəyimiz gün heç də uzaqda deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB