Bəhruz Quliyev: “İki sahil” qəzeti ölkə mətbuatının şərəf və əqidə simvollarından biridir”

Bəhruz Quliyev: “İki sahil” qəzeti ölkə mətbuatının şərəf və əqidə simvollarından biridir”

“Əsrin dörddə birini geridə qoyan “İki sahil” qəzeti artıq 27 ilin zirvəsindən keçilən yola əzmlə, qürurla baxır”. Bu fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “İki sahil” qəzetinin yaranmasının 27-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, qəzet 27 illik fəaliyyəti ilə böyük yol keçib və onun səhifələrini vərəqləyənlər ötən illər ərzində yaddaqalan, əlamətdar, maraqlı hadisələrlə bağlı çoxsaylı yazı və məqalələrlə tanış ola bilərlər: “Əbəs deyil ki, “İki sahil” qəzeti kifayət qədər çətin tarixi bir şəraitdə yaranıb. 1990-1991-ci illərdə Azərbaycanda xaos, anarxiya hökm sürürdü. Respublikada özbaşınalıq, mətbuata təzyiqlər, azad sözün boğulması adi hala çevrilmişdi. Məhz bu dövrdə nəşrə başlayan “İki sahil” qarşıda dayanan ağır çətinliklərə baxmayaraq, dövlətçilik və milli maraqlar uğrunda əzmlə mübarizə aparır, oxucuları doğru, dəqiq informasiyalarla təmin edirdi. Həmin dövrlərdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdırmaqdan, Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edirdi. “İki sahil” qəzeti ölkə mətbuatının şərəf və əqidə simvollarından biri olaraq qiymətləndirilir. Çünki qəzet nəşrə başladığı ilk gündən Ulu Öndər Heydər Əliyevin ideyaları, azərbaycançılıq məfkurəsi qəzetin əsas prinsiplərinə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev bütün sahələr kimi, müstəqil mətbuatın inkişafına da xüsusi diqqət və qayğı göstərdi. Mətbuat azadlığının inkişafına əngəl olan süni maneələr aradan qaldırıldı, bu sahədə mükəmməl qanunvericilik bazası yaradıldı. Əbəs deyil ki, Heydər Əliyev YAP-ın yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirərək deyib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”. Bəli, bu bir həqiqətin, reallığın təntənəsi idi ki, Ulu Öndər onu ən yüksək səviyyədə tərənnüm etmişdi”.

“Təbii ki, bütün bunlar və qəzetin keçdiyi 27 illik tarixi və şərəfli yoluna verilən qiymətdə qəzetin baş redaktoru Vüqar Rəhimzadənin də nəhəng payı vardır”, - deyə vurğulayan “Səs” qəzetinin baş redaktoru bildirib ki, istər zamanında onunla çalışmış, istərsə də hazırda çalışan jurnalistlər onlara verilən bu böyük dəyərdən bəhrələnir, iftixar hissi keçirirlər: “Ümumiyyətlə, bu uğurlar birgə səylərin, yorulmazlığın və dönməz əqidənin məhsuludur, bəhrəsidir. İnkişafı, yeniliyi, təbliğ etməyi qarşısına məqsəd qoyan “İki sahil”in fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ötən dövrdə qəzetin əməkdaşları “Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülüblər, mənzillərlə mükafatlandırılıblar. Əlbəttə ki, biz media adamları əminliklə vurğulaya bilərik ki, “İki sahil” qəzeti qətiyyətlə öz əqidəsinə sadiq qalmaqla yanaşı, bundan sonra da çoxəsrlik dövlətçilik ənənələrimizin, milli mənəvi dəyərlərimizin, həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında səylə çalışacaq, üzərinə götürdüyü müqəddəs missiyanı uğurla yerinə yetirəcək. Bu münasibətlə “İki sahil” qəzetinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, davamlı nailiyyətlər və uğurlar diləyirəm”.

“SƏS”

Bütün xəbərlər Facebook səhifəmizdə