Soros kimilərin oyunları Azərbaycanda keçərli deyil

Soros kimilərin oyunları Azərbaycanda keçərli deyil

Demokratiya, insan haqları, ədalət prinsiplərini komuflyaj etmiş və şəffaflıq maskası geyinmiş bəzi qurumların dövlətçilik əleyhinə fəaliyyət göstərən təşkilatlarla, müxalif qurumlarla mütəmadi iş birliyi qurması yenilik deyil, tanış ssenaridir. Məqsəd ali prinsplər və onlar uğrunda mübarizə aparmaq yox, daxili çaxnaşma və xaos yaradaraq bundan şəxsi məqsədlər, mənafe üçün istifadə etməkdir.

Hələ 2003-cü ilin 15-16 oktyabr ixtişaşlarında Corc Soros və onun fondunun əsas dəstək və maliyyə yardımı göstərdiyini İsa Qəmbər dolayısı ilə etiraf etmişdi də. Növbəti dəfə, 2013-cü il prezident seçkiləri ərəfəsində peyda olan və müxalifətlə əlaqələr qurmağa nail olan Sorosun Azərbaycan haqqında qərəzli mövqeyi 2017- ci ilin ortalarından başlayan təhrif olunmuş, yanlış hesabatlarda, Avropa mətbuatında yayımlanmasına nail olduğu dezinformasiyaların fonunda özünü biruzə verdi. Dünyada “xaosun banisi” adını alan bu milyarderin timsalında bəzi anti-Azərbaycan qüvvələr maliyyələşdirildiyi təşkilatlar vasitəsilə, bəzən də açıq şəkildə təkcə Bakını deyil, ümumilikdə Cənubi qafqazı mütəmadi olaraq hədəfə alır və öz çirkin məqsədlər həyata keçirməyə çalışırlar.

“Şər iblisi” kimi tanınan qüvvələr yaratdıqları çaxnaşmaya demokratik don geyindirə bilməzlər

Bölgədə bir-birinin ardınca baş verənlərə nəzər saldıqda görürük ki, istər Gürcüstanda, istərsə də Ermənistanda baş verənlər eyni ssenari ilə işlənib və hər birində demokratiya, insan haqları, söz azadlığı kimi ali prinsplər alət olaraq ortaya atılıbsa da, geopolitik maraqlar sonda önə çəkilib. Baş nazir postuna layiq olmamasını səbəb sayıb Serj Sarkisyanın devrilməsi üçün erməniləri meydana yığanlar onun yerinə idarəçilikdən zərrə qədər xəbəri olmayan nümayişçini gətirirlərsə məsələ gün kimi aydın olur. Serjin kimliyi müzakirə mövzusu deyil, onun terrorçu olmasını bütün dünya ictimaiyyəti də bilirdi və təkcə özü üçün hazırladığı baş nazir postundan da əvvəl hakimiyyətdən getməli idi. Məsələ burasındadır ki, özünü baş nazir təyin edib, bütün səlahiyyətləri öz əlində cəmləyən Sarkisyandan şapkasını tərs qoyub, meydanda qara-qışqırıq salıb, həmin postu ələ keçirən Paşinyan zərrə qədər üstün, yaxud fərqli düşüncə, mövqe sahibi deyil. Əgər Serj bütün Ermənistanı hazırki səfalət vəziyyətinə gətiribsə, Nikol da bu səfalətin davamını şərtləndirən, gələcəkdə ölkəsinin daha acınacaqlı durumuna səbəb olacaq fəaliyyət sərgiləyirsə bunlar arasında fərq nədən ibarət ola bilər və erməni xalqının günlərlə meydanlarda təpik döyməsindən hansı müsbət nəticə hasil oldu? Ermənilərin yağışdan çıxıb yağmura düşdükləri də müzakirə mövzusu deyil və maraq doğuran, diqqət çəkən məqam odur ki, “Şər iblisi” kimi tanınan fond sahibi Sorosun timsalında bölgədə qarışıqlığa maraqlı olan qüvvələr hələdəmi yaratdıqları bu çaxnaşmaya demokratik don geyindirmək fikrindədirlər? Yoxsa hələ də bütün olanların erməni xalqının naminə hesablandığını sırımaq niyyətindədirlər? Əvvəla sual oluna bilər ki, görəsən niyə bu vaxta qədər Serj yararlı hesab olunurdu, amma qəflətən Rusiya ilə Qərbin münasibətləri soyuqlaşanda yararsıza çevrildi? Digər tərəfdən, daha üstün kimi təqdim olunan, amma bunun cəfəngiyat olduğunu öz davranışları ilə təsdiqləyən Nikol baş nazir postunu ələ keçirən kimi nə səbəbə Rusiyadan üz çevirib Qərbə yön aldı? Maraqlıdır, belində çanta, nümayişdə şapqasını əyri qoyub səsi tutulana qədər qışqıran, bir neçə gün meydanda gecələyən Nikol əsrlər boyu qul olub, əvəzində Rusiyadan sığınacaq tapan Ermənistanın Qərb yönlü yeni, qondarma strategiyasını nə zaman və harda işləyib hazırladı?

İdarəçilikdə zərrə qədər təcrübəsi olmayan Nikolun Rusiyadan üz döndərib qərbyönlü yeni strategiya işləyib hazırlamasına və Ermənistanda islahatlar həyata keçirəcəyinə inanmaq sadəlövhlükdür. Bütün bunlar, nümayişlər, güya ki, demokratik qüvvələrin hakimiyyətə gətirilməsi, verilən vədlər təbii ki, Qərbin, Sorosun timsalında Qafqazda xaosa maraqlı qüvvələrin layihəsidir və bu taktika məhs Rusiyanın Ermənistandakı mövqelərini itirməsinə, Qərbin isə öz mövqelərini möhkəmləndirilməsinə hesablanıb. Hadisələrin gedişi təsdiq edir ki, doğrudan da bu taktikanın nəticəsində Ermənistanda Rusiyanın mövqeyi zəifləyib və hətta Qərbin diqtəsi ilə indi də rus hərbçilərinin, rus bazasının Ermənistanı tərk etməsi tələbləri ortaya atılıb və bununla rusların tamamilə bölgədən uzaqlaşdırılması siyasəti yürüdülür. Bir sözlə, Cənubi Qafqazda, ələlxüsus Ermənistanda oyunlar hələ də davam edir və bundan sonra daha nələrin olacağını proqnozlaşdırmaq çətindir, lakin çirkin niyyətli qüvvələrin bununla kifayətlənəcəyi heç inandırıcı görünmür.

Azərbaycan regionda daha yağlı tikə kimi görünür və xəyanətkarlardan istifadə etmək taktikası da yenilik deyil

Türkiyənin “Aydınlıq” qəzeti Sorosun indi də gözünü Azərbaycana dikdiyini yazır və indi hədəfin Azərbaycan olduğunu xatırladır. Gürcüstan və Ermənistandakı hadisələrdə fondun və onun rəhbərinin əlinin olduğunu vurğulayan nəşr açıq-aşkar nəzərə çatdırır ki, qeyd etdiyimiz kimi Cənubi Qafqazda bu “şər iblisi”nin oyunları hələ də davam edir. Sözsüz ki, tək Ermənistanla kifayətlənilməyəcəyi də hamıya bəllidir və əslində Azərbaycan regionda daha yağlı tikə kimi görünür və heç bir təbii ehtiyatları olmayan Ermənistandan fərqli olaraq ölkəmizə marağın daha çox olmasında qeyri-adi heç nə yoxdur. Həm də avantüristlərin Ermənistanla bağlı oyunları bu mərhələyə qədər gəldiyi üçün bir növ həvəsləniblər və ola bilsin ki, Azərbaycana qarşı ümidləri də artmaqdadır.
Son vaxtlar ölkəmizdə bir sıra qüvvələrin, məsələn müxalifət düşərgəsində təmsil olunanların bir araya gəlib ölkə əleyhinə müxtəlif istiqamətlərdə fikir formaıaşdırmağa yönələn fəaliyyətləri də təsdiq edir ki, artıq Azərbaycana qarşı da fəaliyyətə başlanılıb. İllərlə işsiz-gücsüz ortada yeyib qıraqda gəzən bəzi ünsürlərin maddi həvəsləndirilmə müqabilində onların xəyanətlərindən istifadə etmək taktikası da yenilik deyil. Qeyd etdiyimiz kimi Müsavat başqanı İsa Qəmbərin də dolayısı ilə bunu etiraf etməsi təsdiq edir ki, həqiqətən də bu zamana qədər belə cəhdlər dəfələrlə təkrarlanıb və indi bu cəhdin olması heç də təəccüb doğura bilməz. Təəccüb doğuran isə daxildəki bəzi qurumların, müxalif qüvvələrin, hətta xaricdəki özünü siyasətçi hesab edən söyüşkən, tərbiyəsiz, səviyyəsiz mühacir qruplaşmasının bu oyunlara alət olmasıdır. Daha doğrusu bu oyunlara alət olmağa razılıq vermələri belə ikrah doğurur.

Azərbaycan ictimaiyyəti özünün müstəqillik tarixində neçə-necə oyunlarda hədəf olaraq seçildiyinin və gah şaiyələrlə, gah dezinformasiyalarla dəfələrlə müxtəlif təxribatlara sövq edildiyinin şahididir. Bu zaman müxalifət qüvvələri alət kimi istifadə edilib və lazım olmadıqda onlar tamamilə maraq dairəsindən kənarda qalıb və bu fakt özü də təsdiq edir ki, radikallar bu qüvvələrin marianeti rolunda çıxış edib. Məsələ burasındadır ki, özünü müxalifət hesab edən qurumlar, yaxud özünü müxalifətçi sayan radikallar hələ ayılmayıb, ya da “şər iblis”lərinin oyunlarında alət olmaqdan utanmaq, çəkinmək niyyətində deyillər.

Ölkədə hərhansı bir hadisəyə siyasi don geyindirmək, az qala məişət hadisələrini də ictimailəşdirmək kimi cəhdlər sübut edir ki, iqtisadi inkişafının intibah dövrünü yaşayan, sosial rufahın yüksəyə doğru artım tendensiyası müşahidə edilən, uğurlu siyasət və strategiya sayəsində daha dinamik inkişaf proqnozlaşdırılan Azərbaycanda hərhansı bir çatışmazlıq, mənfi təzahür qeydə alınmır deyə yalnız müxalifətçi adı altında xəyanət sərgiləyən radikalların “xidmətindən” istifadə olunur. Lakin ən acınacaqlısı odur ki, bu xəyanətkarlar özlərinin böyük oyunlara qurban olaraq seçildiklərinin fərqində deyillər. Hələ də başa düşə bilmirlər ki, onların əli ilə ölkədə çirkin planlar reallaşdırmaq, təxribatlar aparmaq, xaosa nail olmaq istənilir və onların bu planlarının həyata keçməsi istiqamətində yalnız xəyanət yolunu tutanlar seçilir. Radikallar ya hələ də sadalananların fərqində deyillər, ya da bu xəyanətkarlıqları qəbul edirlər.

Radikallar səhv etdiklərinin dəfələrlə şahidi olub, etiraf ediblərsə, bu səhvi etiraf etməkdə indi növbə anti-Azərbaycançı qüvvələrindir

Bəzən sosial şəbəkələrdə radikallar tərəfindən müxtəlif müzakirələr açılır və bu müzakirələrdə absurd fikirlər xüsusilə yer alır. Məsələn, hadisəyə aidiyyatı olmayan qurumun fəaliyyəti müzakirə mövzusuna çevrilir, yaxud ən sadə məişət məsələsi siyasiləşdirilərək yersiz mühakimələr aparılır. Bəzən isə tamamilə yanlış yanaşma müşahidə olunur və bu da təsdiq edir ki, hələ də kənar qüvvələr təsir göstərməkdədir. Müxalifətçi məgər Azərbaycan vətəndaşı deyilmi və bu xalqın, bu dövlətin maraqları onlar üçün dəyərli sayılmırmı ki, onlar ölkə ictimaiyyətinin deyil, iştirakçısı olduğu oyunların, Azərbaycan əleyhinə layihələrin ssenari müəlliflərinin mövqeyindən çıxış edirlər?

Radikallar özləri də yanlış yolda olduqlarının, səhv etdiklərinin dəfələrlə şahidi olublar, etiraf ediblərsə, nəticə təsdiq edir ki, bu səhvi etiraf etməkdə indi növbə anti-Azərbaycançı qüvvələrindir. Amma nədənsə bu radiklları qızışdıran, şirnikləndirən, maliyyələşdirən Soros kimi iblislər hələ də bu səhvi etiraf etmək istəmirlər. Etiraf etmək istəmirlər ki, məhz digər ölkələrdə oynadıqları oyunlar Azərbaycanda keçərli deyil. Ermənistanda xalqı oynatdıqları kimi Azərbaycanda da belə bir oyun oynamaq mümkünsüzdür. Daha doğrusu onların oynamaq istədikləri oyunlar nəticəsizdir. Əvvəla, Azərbaycan xalqı ermənilər kimi hərdəmxəyal, aqressiv və düşüncəsiz deyil ki, bu oyunlara getsin və böyük tarixi kökə, mədəniyyətə sahib bu xalqı aldatmaq mümkünsüzdür. Digər tərəfdən Azərbaycan heç bir dövlətdən nə maddi nə də digər dəstək almır və gözləmir ki, oyunlarına da qurban getmək məcburiyyətində qalsın. Ölkəmiz siyasi, iqtisadi qüdrəti sayəsində öz müqəddəratını özü təyin etmək əzmindədir və kənar qüvvələr nəzərə alına bilməz. Eyni zamanda Azərbaycan səfalət içində boğulan Ermənistana tay deyil və ölkəmizdə elə bir inkişaf müşahidə olunur, elə bir yüksəliş var ki, sosial məsələlər, insanların rifahı elə bir səviyyədədir ki, Soros kimi heç bir iblisin planlarının, məkirli niyyətlərinin reallaşması üçün sosial sifariş belə yoxdur. Bir sözlə, ola bilsin ki, indi ölkəmiz hədəf olaraq seçilə bilər, amma bu hiyləgər, mənafe güdən, məkirli niyyətlər həyata keçirməyə çalışan qüvvələr əmin olsunlar ki, hər dəfə olduğu kimi bu dəfə də onların dişi daşa dəyəcək və Azərbaycan inkişaf etmiş, müstəqil, suveren bir dövlət olaraq öz taleyini həll etmək əzmindədir və kənar qüvvələr ölkəmizə heç bir müdaxilə edə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə