Prezident İlham Əliyev “BakuTel-2010” 16-cı Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “BakuTel-2010” 16-cı Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub

Prezident İlham Əliyev noyabrın 23-də Bakı Sərgi Mərkəzində "BakuTel-2010" 16-cı Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

SİA-nın xəbərinə görə, "İteca Caspian" LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən sərginin ekspozisiyası ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, builki sərgidə dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutur. Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar olan sərgi xüsusi mövzu - "İKT və qlobal iqlim dəyişikliyi" devizi altında keçirilir.

Bildirildi ki, sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tərəfdaş şirkətlərlə birgə "Xalq kompyuter", "Regional innovasiya zonası" və digər perspektiv layihələr təqdim edilir, Qərbi Avropa və Şərqi Asiyanın 20-dək ölkəsini əhatə edən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsi barədə məlumat verilir. Sərgidə kosmik sənaye bölməsi də fəaliyyət göstərir.

Builki sərgini fərqləndirən mühüm cəhətlərdən biri təqdim olunan yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirilir.

Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev iştirakçılara uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi. Sərgi noyabrın 26-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə