Azərbaycanın daxili işlər naziri Polşanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 24-də Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixal Labendanı qəbul edib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə qeyd olunub ki, son illər iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasındakı əlaqələrə də müsbət təsir göstərib. Bunun nəticəsidir ki, Azərbaycan daxili işlər nazirinin 2008-ci ilin iyun ayında Varşavaya səfəri zamanı "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası saziş imzalanıb. R. Usubov xatırladıb ki, səmərəli əməkdaşlıq İnterpol, BMT, NATO, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla işbirliyi çərçivəsində də uğurla həyata keçirilir.
Belə ki, son illər bu mötəbər beynəlxalq təsisatların təşəbbüsü ilə Polşada keçirilən konfranslarda, sessiyalarda, seminar və treninqlərdə Azərbaycan DİN-in 30-dan çox əməkdaşı iştirak edib.
Görüşdə bütün bəşəriyyəti narahat edən transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı mübarizə məsələlərinə də toxunulub, regional təhlükə və təhdidlərlə bağlı iki dost dövlətin səylərinin daha sıx birləşdirilməsinin zəruriliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB