Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda politoloq İranın hazırki durumu və mövqeyindən danışaraq, bu ölkənin hazırki vəziyyəti barədə məlumat verib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktorunun sözlərinə görə, İraqda parlament seçkilərində İranın əleyhinə olan Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “əş-Şairun” şiə bloku qalib gəlib: "Müqtəda əs-Sədr İraqın dini lideri əs-Sistaniyə tam tabedir. Amma eyni zamanda o, özünü daha çox ərəb kimi dərk edir. Səudiyyə Ərəbistanı ilə normal münasibətləri var. İranın İraqdakı iştirakının artmasına qarşı dəfələrlə etiraz edib. Hətta silahlı mübarizəyə başlamaqla hədələyib".
Mübariz Əhmədoğlu həmçinin vurğulayıb ki, Suriyadan İranın çıxarılması ciddi şəkildə gündəlikdədir: "İran Suriyadan çıxmayacaqsa, ABŞ Suriyanı parçalayacaq. ABŞ və İsrailin indi Suriyada apardıqları hərbi əməliyyatların əsas mahiyyəti İrana qarşıdır. Zərər çəkən isə Suriya dövlətçiliyidir. Suriyanın İŞİD-çilərdən azad olunmasında İranın rolu danılmazdır. Amma o da əvvəldən bəlli idi ki, İran Suriyada yerini möhkəmləndirdikdən sonra İsrailə qarşı mübarizəyə başlayacaqdır. Çünki Suriyanın İsraillə toxunan sərhədləri var. Rusiya prezidenti V.Putin Suriya prezidenti B.Əsədlə görüş zamanı ən birinci müzakirə olunan məsələ xarici qüvvələrin Suriya ərazisindən çıxarılması mövzusu oldu. Suriya ərazisindən çıxarılan xarici qüvvələr dedikdə ilk növbədə İran və “Hizbullah”a məxsus qüvvələr nəzərdə tutulur. RF rəsmiləri bu məsələni ört-basdır etməyə çalışsalar da görüşdə iştirak etmiş RF prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi V.Lavrentyev açıq mətnlə bildirdi ki, ABŞ və Türkiyə qoşunları ilə yanaşı, İran və “Hizbullah”a məxsus qüvvələr də Suriya ərazisini tərk etməlidir. Rəsmi Tehran rəsmi Dəməşqin istədiyi qədər Suriyada qalacağını açıqladı. Başqa heç kim İranı buna məcbur edə bilməz. Yada salaq ki, V.Putin D.Trampla ilk görüşündə imzalanan sənəddə RF İranı Suriyadan çıxarmaq öhdəliyi götürmüşdü. İranın Suriyadan çıxarılması təkcə Rusiyanın tələbi deyil".
Politoloqun sözlərinə görə rəsmi Dəməşq Xarici İşlər Nazirinin müavininin dili ilə İranın Suriyaya dəvət olunduğunu bildirsə də, az keçmiş Dəməşq İranın hərbi təyyarələrini öz anqarlarına buraxmamaq niyyətini açıqladı: "Çünki İsrail İran təyyarələrinə hücum edən zaman Suriyanın da anqarları sıradan çıxır. İranın Suriyadan çıxarılmasının reallığına dəlalət edən III amil İsrailin mövqeyidir. İsrail Suriya qoşunlarına Suriya-İsrail sərhədini qorumağa icazə verdi. Bununla da Suriya İsraillə sərhədində baş verənlərin məsuliyyətini öz üzərinə götürmüş olur. Ola bilər ki, bu İsraildə müəyyən şəxslərin zondaj xarakterli piar aksiyasıdır. Amma kifayət qədər ciddi əsası var".
Politoloq M.Əhmədoğlu nəzərə çatdırıb ki, İordaniyada qeyri birbaşa vasitəçiliklə İranla İsrail arasında danışıqların aparıldığı barədə informasiya sızdırılıb: "İranın İordaniyadakı səfiri Mustafa Möslehzadə və Mossadın direktor müavini eyni vaxtda mehmanxanada, amma müxtəlif otaqlarda olublar və İordaniyalı vasitəçi bu iki şəxs arasında fikir mübadiləsinin daşıyıcısı olub. İran Suriyanın cənubunda Deraa uğrunda döyüşlərdə iştirak etməyəcəyini vəd verib. İsrail də bu regionda “Hizbullah” və şiə polisi peyda olmayacaqsa, müharibəyə qoşulmayacağını vəd verib. İran və İsrail qısa müddət ərzində dil tapa biliblər. Bu İsrail tərəfini təəccübləndirib. Mətbuatın yazdığına görə, İran səfiri müntəzəm sürətdə öz ölkəsinin rəhbərliyi ilə məsləhətləşirmiş".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru İranın milli valyutası realın iflasa uğradığını da diqqətə çatdırıb: "Qısa müddət ərzində 1 dolların kursu 65 min realdan 90 min realadək yüksəlib. İl yarım bundan qabaq dolların qiymətinin 40 min real civarında idi".
Mübariz Əhmədoğlu bütün bunların İranın tarixində eyni vaxtda ilk dəfə müşayiət olunduğunu qeyd edərək, bu dövr ərzində İranın yalnız bir uğuru olduğunu deyib: "Bu uğur yalnız ondan ibarətdir ki, Livanda keçirilən parlament seçkilərində “Hizbullah” qələbə çalıb. Amma Livan konstitusiyasına görə “Hizbullah”ın əldə etdiyi bu qələbə ciddi dəyişikliyə səbəb olmayacaq. Yeni parlament yalnız xristianı baş nazir seçə bilər. İrana tam xidmət edən şəxsin Livanda baş nazir seçilməsi mümkün deyil. Ona görə İranın bu qələbəsini məğlubiyyətləri ilə müqayisədə ciddi saymırıq. “Hizbullah” Livandakı xristian liderləri arasında seçim edə-edə yeni parlament seçkilərinə şərait yarada bilər. Kasıb və korrupsiyalaşmış Livanda yeni parlament seçkilərində bu parlament seçkilərinin təşəbbüskarı uduzan tərəf ola bilər".
Politoloq M.Əhmədoğlunun sözlərinə görə, İranı belə vəziyyətə gətirən ABŞ-ın sanksiyaları genişləndirməsi, D.Trampın ABŞ-ı İranın nüvə müqaviləsindən çıxarması və İsrailin Suriyada İranın obyektlərinə qarşı şiddətli müharibə aparmasıdır.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB