Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyaların toplantısı keçirilib - Səs TV
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyaların toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü iştirak edib.
Tədbirdə çıxış edən Ə. Əhmədov bildirib ki, toplantının əsas məqsədi seçkilərin nəticələrinə ümumi bir münasibət bildirməkdir. Seçkilərin nəticələrinin xalqın iradəsini ortaya qoyduğunu qeyd edən Ə.Əhmədov söyləyib ki, seçkilərin Seçki Məcəlləsinə, demokratik dəyərlərə uyğun keçirilməsi üçün müvafiq tədbirlər görülüb. YAP-ın icra katibi 20-dən artıq siyasi partiyanın seçkilərdə iştirakının, seçkiləri izləyən yerli və beynəlxalq müşahidəçilərinin 50 minə yaxın olmasının, bütün namizədlər üçün bərabər təbliğat imkanlarını təşkil edilməsinin seçkilərin demokratik prinsplərə uyğun, azad və şəffaf keçirildiyinin göstəricisi olduğunu deyib.
Ə.Əhmədov bəzi partiya rəhbərlərinin seçkilərin ədalətli keçirilməməsi fikri ilə razılaşmadığını diqqətə çardırıb: "İsa Qəmbər və yaxud Əli Kərimlinin millət vəkili seçilməməsini seçkinin demokratik keçirilməməsi ilə deyil, onların öz proqramlarını lazımi səviyyədə həyata keçirə bilməmələri, lazımi səsləri toplamağı bacarmamaları ilə izah etmək olar. Onların uğur qazana bilməməsinin seçkilərin demokratik tələblərə uyğun keçirilməməsi ilə heç bir bağlılığı yoxdur, onların seçilməməsi onu deməyə əsas vermir ki, seçkilər demokratik keçirilməyib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar seçkilərə obyektiv və ədalətli qiymət verə biləcəklər. Seçkiyə xalqın iradəsini ifadə etmək imkanı baxımından qiymət vermək lazımdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, bəzi qüvvələrin seçkiləri tanımayacağı ilə bağlı fikirlərin heç bir əsası yoxdur: "Formalaşmış parlament tamamilə legitimdir. Hesab edirəm ki, kimlərinsə uduzmağı seçkilərin nəticələrini şübhə altına almaq üçün əsas vermir".
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa narazı qüvvələrin səsləndirdiyi fikirlərin hüquqi və əsaslandırılmış olmadığını dilə gətirib: "Bildirirlər ki, seçkilərin legitimliyini tanımırlar. Seçkilərin legitimliyini tanımayan yalnız bircə qurum var, bu Azərbaycan Konstitusiya Məhkəməsidir. Bu fikirlər həmin şəxslərin siyasi savadını ortaya qoyur".
Daha sonra çıxış edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü də seçkilərin ədalətli və şəffaf keşirildiyini, seçkilərin xalqın iradəsini ortaya qoyduğunu vurğulayıblar.
Sonda toplantıda iştirak edən siyasi partiyalar adından seçkilərin nəticələri ilə bağlı birgə bəyanat imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB