Bakı-Rusiya sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsi istifadəyə verilib

Bakı-Rusiya sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsi istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

SİA-nın məlumatına görə, inşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyevə məlumat verildi ki, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin asfalt örtük çəkilməklə yenidən qurulması işlərinə 2008-ci ilin iyunundan başlanılıb.

Layihənin sifarişçisi Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC, podratçısı İtaliyanın "Todini Costruzioni Generali S.p.A." şirkəti, subpodratçısı isə "Akkord İnşaat Sənaye" ASC-dir.

Yenidən qurulan birinci dərəcəli, dördzolaqlı yolun uzunluğu 17 kilometrdir. Üzərində 11 ötürücü və qovşaq inşa edilmiş yolboyu ərazidə su və kommunikasiya xətləri tamamilə yenilənib. Bu yolun istifadəyə verilməsi ilə avtomobillər, əsasən də ağır yük maşınları Sumqayıt istehsalat sahəsi və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi və əks istiqamətində sərbəst hərəkət edə biləcəkdir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, inşaatçıları təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə