“Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir”

“Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir”

Azərbaycanda keçirilən prezident seçkiləri və bu seçkilərə verilən yüksək beynəlxalq qiymət həm də onun göstəricisidir ki, ölkəmiz son 15 ildə beynəlxalq aləmdə böyük nailiyyətlərə imza atıb. Bu baxımdan, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında sözügedən məsələyə toxunaraq qeyd edib ki, Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı: “Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.

Digər bir məqam, Azərbaycanın regionda mövcud olan qonşu dövlətlərlə sıx münasibətlər qurması, bu münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsidir. Ölkə başçımız çıxışı zamanı bu məsələyə də toxunaraq vurğulayıb: “Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir”.

“Aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”

Dövlət rəhbərimiz çıxışı əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud olan prosesləri də təhlil edərək bildirib ki, münaqişənin həlli çərçivəsində beynəlxalq təşkilatlarla ardıcıl işlər aparılıb və nəticədə Azərbaycanın ədalətli mövqeyi dəstəklənib: “Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.

“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik”-deyə vurğulayan Cənab İlham Əliyev həmçinin bildirib ki, nəticədə işğalçı Ermənistan onun üçün əhəmiyyətli sayıla biləcək bütün regional layihələrdən təcrid vəziyyətində qalıb: “Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər”.

Ölkə başçımız xüsusilə vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və hüquqi baza mövcuddur ki, ötən 15 ildə o daha da möhkəmləndirilib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir”.

“Ermənistan dalan ölkəyə çevrilib”

Qeyd edə bilərik ki, işğalçı Ermənistanın regional layihələrdən kənarda qalması bu ölkənin süquta doğru sürətlə irəliləməsinə səbəb olmaqdadır. Bu faktı da önə sürən İlham Əliyev cənabları bildirib ki, bu gün Ermənistan dalan ölkəyə çevrilib: “Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

Prezident İlham Əliyev bugünkü Ermənistanın tarixi Azərbaycan torpaqları olduğunu xatırladıb və bildirib ki, təkcə sözlə deyil, sübutlarla həmin faktlar isbata yetirilib: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir.

Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.

Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.

“Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”

Söz yox ki, güclü dövlətin güclü ordusu olur və Azərbaycanın inkişaf və tərəqqisi reallığı dab u cür qənaətə gəlməyə kifayət qədər əsas verməkdədir. O cümlədən, ölkəmizdə aparılan güclü ordu quruculuğu tam əmin olmağa zəmin yaradır ki, Silahlı Qüvvələrimiz dünya orduları içində ən güclülərdən biridir. Prezident İlham Əliyev cənabları vurğulayıb: “Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq.

Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

“Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”

2016-cı ilin aprelində Ermənistanın təxribatının qarşısı alınarkən, Azərbaycan Ordusunun həmin təxribatın qarşısını şücaətlə alması, eləcə də bir sıra strateji əhəmiyyətli yüksəkliklərimizin düşmən tapdağından azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı və qələb əzmi daha da artdı. Ölkə başçımız bildirib ki, azad edilən Cocuq Mərcanlı qəsəbəsi xalqımızın dirçəliş rəmzinə çevrildi: “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq. Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır”.

Beləliklə, mühüm olan daha bir məqam budur ki, Azərbaycan beynəlxalq aləmdə davamlı olaraq öz mövqelərini gücləndirməklə ədalətli mövqeyini sübuta yetirmiş olur və işğal faktı ilə barışmayaraq, düşmən tapdağı alltında qalan digər torpaqlarımızın da azad ediləcəyi gün uzaqda deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə