MSK sədri: "Seçkilərin şəffaf keçirilməsi üçün hər hansı bir əngəl qalmayıb”

MSK sədri: "Seçkilərin şəffaf keçirilməsi üçün hər hansı bir əngəl qalmayıb”

"Şəffaflıq seçkilərdə ən əsas amildir və hesab edirəm ki, aşkarlıq baxımından seçki məntəqələrində kifayət qədər missiya yerinə yetirən insanlar olacaq". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki məntəqələrində müşahidəçilər üçün xüsusi rahatlıq yaratmağa çalışmışıq: “Bütün seçki dairələri və seçki məntəqələri müasir və yaxşı şəraiti olan binalarda yerləşib. Çalışmışıq elə şərait yaradaq ki, müşahidəçilərin öz funksiyalarını yerinə yetirmək üçün heç bir əngəl olmasın”.

MSK sədri qeyd edib ki, seçkilərdə cavabdehliyi olan qurumlarla maarifləndirmə işi aparılıb: “Misal üçün cəzaçəkmə müsəssisələrində olan insanlar da səs verəcək. Bunun üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə tədbir keçirib, o cümlədən Səhiyyə Nazirliyi və digər qurumlarla tədbirlər təşkil edilib. Seçkilər günü təhlükəsizlik ən mühüm məsələlərdən biridir və təhlükəsizliyi təmin etmək üçün polis orqanlarının məsuliyyəti var. Ona görə də Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə tədbir keçirib”.

M.Pənahov bildirib ki, aşağı seçki komissiyalarının üzvləri, kompüter mütəxəssisləri üçün seminarlar təşkil edilib, müşahidəçilər, KİV-lər və digər iştirakçılar üçün yaddaş kitabçaları hazırlanıb paylanılıb. MSK sədri əlavə edib ki, əlil insanların da səs verməsi üçün lazımi addımlar atılıb: “Bu baxımdan hesab edirəm ki, seçkilərin şəffaf keçirilməsi üçün hər hansı bir əngəl qalmayıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə