Azərbaycan Prezidentinin Kiyevə rəsmi səfəri Ukrayna KİV-lərinin diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-28-də Ukraynaya rəsmi səfəri dost ölkənin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub. SİA-nın məlumatına görə, "Den" qəzeti və "Profil" jurnalı öz səhifələrində Azərbaycan Prezidenti ilə geniş müsahibələri "İlham Əliyev: Biz Sizin bütün uğurlarınıza və qələbələrinizə sevinəcəyik" və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan - əməkdaşlıq üçün arenadır" başlıqları altında dərc ediblər.
Prezident İlham Əliyev müsahibələrində Azərbaycan-Ukrayna ikitərəfli münasibətləri, iqtisadi sahədə əməkdaşlıq, Azərbaycanda gedən sürətli inkişaf prosesləri, respublikanın beynəlxalq arenada rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu problemin dinc yolla tənzimlənməsinə yönəlmiş səylər barədə və digər suallara cavab verib.
Ukrayna KİV-ləri dövlətimizin başçısının hər iki ölkə müstəqillik əldə etdikdən sonra onların münasibətlərinin uğurlu və dinamik inkişafına dair fikirlərinə, Azərbaycanın Ukrayna iqtisadiyyatına sərmayə qoymaq, qardaş ölkə ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək barədə ciddi niyyətlərinə xüsusi diqqət yetiriblər.
Ukraynanın demək olar ki, bütün dövlət və müstəqil çap və elektron KİV-ləri Prezident İlham Əliyevin Kiyevə rəsmi səfərinin gedişini, ukraynalı həmkarı Viktor Yanukoviçlə danışıqlarını, iki ölkənin Dövlət Başçıları Şurasının ikinci iclasını geniş işıqlandırıblar. Ukraynanın kütləvi informasiya vasitələri bu səfəri uğurlu və səmərəli səfər kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB