Ədliyyə Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub
Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub. Ədliyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarovun başçılıq etdiyi nümayəndə heyətinə idarənin əməkdaşları Sənan Hacıyev və Erkin Əlixanov daxil olub. Səfər zamanı Krallığın Ədliyyə və Daxili İşlər nazirliklərində qarşılıqlı anlaşma və dostluq şəraitində keçirilmiş danışıqlar nəticəsində ekstradisiya və məhkumların verilməsi, habelə məhkəmə və hüquq əməkdaşlığı haqqında Müqavilələr, iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri razılaşdırılmış, əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti həmçinin, Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Dr. Şeyx Məhəmməd bin Əbdul Kərim Əl-Essa tərəfindən qəbul edilib. İki ölkə arasında hüquqi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayan nazir Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu və bu sahədə təcrübə mübadiləsinin aparılması ilə bağlı niyyətini bildirərək, razılaşdırılıb sənədlərin yaxın gələcəkdə imzalanması üçün müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Krallığın ədliyyə naziri ölkəmizin ədliyyə naziri Fikrət Məmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını azərbaycanlı həmkarına çatdırmağı xahiş edib.
Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tofiq Abdullayev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB