Prezidentin köməkçisi Azərbaycanın inkişafının əsas vektorlarını göstərib
Avropa Azərbaycanlılar Konqresinin bu gün Amsterdamda keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənov geniş nitqlə çıxış edib.
Natiq 2018-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini xatırladaraq, bu hadisə ilə əlaqədar Azərbaycan diasporuna həvalə edilən əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslam və türk dünyasında ilk demokratik cümhuriyyətin elan edilməsi, həmçinin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi və siyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Prezident İlham Əliyev Ümummilli Liderin işini uğurla davam etdirir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və “azərbaycançılıq” ideyası ətrafında sıx birləşməsidir.
Əli Həsənov vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri ailəsində layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.
Əli Həsənov deyib ki yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti, barədə dünya ictimaiyyətini daha da maarifləndirmək, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib: “Azərbaycan dövlətinin, diaspor təşkilatlarının qarşısında dayanan əsas vəzifə Azərbaycan həqiqətlərini və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bunu reallaşdırmaq o qədər də asan deyil, çünki ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyəti həyata keçirir, bu məqsədlə dünyanın, o cümlədən Avropanın ayrı-ayrı ölkələrində anti-Azərbaycan yuvaları qurur və müxtəlif vasitələrlə ora xarici ölkələrin aparıcı KİV-lərini, onları təmsil edən jurnalistləri, anti-müsəlman, anti-türk ovqatlı siyasətçiləri, xarici ölkələrdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən QHT-ləri cəlb edirlər. Onların yaratdığı anti-Azərbaycan koalisiyası çox güclüdür. Azərbaycan dövləti, cəmiyyəti, Azərbaycanı təmsil edən diaspor təşkilatları bu güc qarşısında qəhrəmanlıqla fəaliyyət göstərir və mübarizə aparır”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda yürütdükləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adlı aksiya altında keçirirlər: “Brüssel, London, Paris, Moskva və ABŞ-da böyük fondlar yaradıblar. Xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları, erməni lobbisi, imkanlı ermənilər, yəni xarici ölkələrin vergi ödəyiciləri hesabına harınlamış, varlanmış ermənilər bu fondlara pul köçürür, onların vasitəsilə “Artsaxı tanıdaq” aksiyasını həyata keçirirlər. Bu aksiyanın mahiyyəti ondan ibarətdir ki, xarici ölkələrdəki ən məşhur jurnalistləri, siyasətçiləri, keçmiş və indiki dövlət xadimləri, bloqerləri Ermənistana, oradan da Dağlıq Qarabağa aparsınlar və göstərsinlər ki, baxın, guya Dağlıq Qarabağda formalaşmış bir cəmiyyət, dövlət var, azərbaycanlılar bunu pozmaq istəyir, bura yenidən hücum etməyə, qırğın törətməyə çalışırlar. Yəni olmayan şeyləri dünyaya təlqin edərək anti-Azərbaycan ovqatını gücləndirmək məqsədi güdürlər”.
Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.
Əli Həsənov çıxışının sonunda bu gün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub: "Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içərisində torpaqlarımızı işğaldan azad etmək gücündəyik. Ordumuzun hərbi-texniki hazırlığı o səviyyədədir ki, qarşısına qoyulan bütün vəzifələri yüksək səviyyədə icra edə bilər. Amma biz militarist siyasət yürütmürük, biz yalnız öz torpaqlarımızı geri istəyirik, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarına qaytarmaq, o əraziləri bərpa etmək istəyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB