FATF Azərbaycana münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edib
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) oktyabrın 18-22-də Parisdə (Fransa) baş tutan növbəti plenar iclasının yekunlarına dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı konfrans iştirakçılarına keçirilən plenar barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, plenar iclasın gündəliyinə FATF-ın xüsusi missiyasının Azərbaycan üzrə hazırladığı hesabatın müzakirəsi məsələsi də daxil edilib: "Müzakirələr zamanı Azərbaycan hökumətinin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qısa müddət ərzində əldə etdiyi əhəmiyyətli tərəqqi, o cümlədən, hökumətin nümayiş etdirdiyi siyasi iradə nəzərə alınaraq, ölkəmizdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul olunub. Hazırda qurumun 36 üzvü var. Bundan əlavə, FATF şəbəkəsi daxilində eyni mandata malik 8 regional qurum, o cümlədən Azərbaycan Respublikasının da daxil olduğu Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsi də fəaliyyət göstərir. O cümlədən, FATF ötən il 140-a yaxın ölkədə sahəsində vəziyyəti qiymətləndirmə aparıb və qlobal maliyyə sistemi üçün təhlükə törədən ölkələrin siyahısını tərtib edib. Qeyd edək ki, ötən il Azərbaycan nümayəndə heyəti FATF-a PYTMM sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə həyata keçirilmiş tədbirlər, o cümlədən qanunvericilik bazasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması, PYTMM sahəsində infrastrukturun formalaşdırılması və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə hesabat təqdim edib. Hesabatın müzakirəsinə əsasən cari ilin sentyabrında ölkəmizdə səfərdə olmuş xüsusi missiyanın rəyini nəzərə alaraq, FATF oktyabrın 22-də Azərbaycana tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edib."
Qeyd edək ki, Azərbaycan Qətərlə birlikdə yeni prosedur qaydalar üzrə monitorinq rejiminin dayandırıldığı yeganə ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB