Xəbər verildiyi kimi bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində görüşəcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Krakov görüşü nə vəd edir? SİA bununla bağlı politoloqların fikrini öyrənib
“Ermənistanın sülhməramlı mövqe nümayiş etdirəcəyi inandırıcı deyil”
Siyasi-şərhçi Elçin Mirzəbəyli: “XİN başçılarının Polşanın Krakov şəhərində keçiriləcək görüşün əsas məqsədi prezidentlərin görüşünün keçirilməsinə hazırlıqdır. Əgər bu görüşdə danışıqlar prosesinin davam etdirilməsi üçün pozitiv məqam ortalığa çıxarsa, o zaman şübhəsiz ki, dövlət başçılarının görüşün keçiriləsi üçün zəmin yaranacaq. Amma görüş öncəsi ayı-ayrı ekspertlərin verdiyi bəyanatlardan da bəlli olur ki, Ermənistanın mövqeyində hər hansı dəyişiklik baş verməyib.
Rusiya XİN başçısı Lavrov mərhələli həll planı ilə bağlı bəyanat versə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin biri və münaqişənin həllində açar dövlət kimi öz prinsipal mövqeyini ortaya qoymur. Ermənistanı sülhə məcbur etmək üçün yeganə beynəlxalq mexanizm düşmən ölkəyə qarşı sanksiyaların tətbiq olunmasıdır. Əgər ortalıqda belə bir sanksiya yoxdursa, Ermənistanın hər hansı formada sülhməramlı mövqe nümayiş etdirəcəyi inandırıcı deyil. Ermənistandan yaxşı təklif gözləmirəm və inanmıram ki, düşmən ölkə tərəfindən irəli sürüləcək təkliflər arasında konstruktiv fikir yer alsın. Ermənistanın təklifləri və addımlarının prioriteti və hədəfi problemin həllinin mümkün qədər uzadılmasıdır. Bu baxımdan Ermənistanın görüşə gətirəcəyi təkliflər prosesin mümkün qədər uzadılmasına şərait yaratmağa xidmət edə bilər. O ki qaldı Rusiyanın XİN başçısı Sergey Lavrovun mərhələli həll planı ilə bağlı fikirlərinə, bu yeni deyil. Çünki masada aparılan müzakirələrin hamısı mərhələli həll planı üzrə aparılır. Lavrov bu günə qədər saysız-hesabsız bir-birinə zidd olan açıqlamalar verib. Bu bəyanat da onlardan biri hesab oluna bilər ”.
"Ölkələrin diqqəti Krakov görüşünə yönəlib"
Politoloq Qabil Hüseynli: “ Ermənistan nümayəndəsi Vardanyanın fikirlərinə görə, düşmən ölkə Krakov görüşünə guya yeni təkliflərlə gələcək və bu təkliflər Azərbaycan tərəfini məmnun edəcək. Azərbaycan XİN-i də bu görüşə pozitiv, maraqla yanaşdığını açıqlamışdı.
Vardanyanın da söylədiklərinə əsasən belə təsəvvür yaranır ki, Ermənistan sülhyaratma prosesində yaranan durğunluğu aradan qaldırmaq niyyətindədir. Ermənistanın da açıqladığı kimi guya bu görüşdə prezidentlərin görüşü üçün qiymətli sənədlər, təkliflər hazırlana bilər. Bu baxımdan söyləmək olar ki, bu gün əksər ölkələrin diqqəti Krakov görüşünə yönəlib və Ermənistanın hansı təkliflər irəli sürəcəyi səbirsizliklə gözlənilir. Bu görüş elə bir dövrdə baş verir ki, BMT-nin baş katibi də Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar pozitiv fikirlər səsləndirib. Bu problemin həllini BMT-nin fəaliyyətinin prioritet sahələrindən olduğunu açıqlayıb. Bu bizim üçün də çox maraqlıdır. Görəsən hər zaman danışıqlar prosesinə əngəl vuran Ermənistanın bu görüşə hansı dinamizmi gətirəcək?
Hər kəsə məlumdur ki, Ermənistan Dağlıq Qarabağ torpaqlarını işğal edib. Dağlıq Qarabağ, üstəlik onun ətrafında olan 7 rayon düşmən ölkənin işğalındadır. Lakin Rusiya 5 rayonun işğaldan azad edilməsini irəli sürürdü və Ermənistan da bunu müdafiə edirdi. Lakin Qərb, ABŞ-da daxil olmaqla ATƏT-ə daxil olan bütün dövlətlər Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirlər. Ermənilər qoşunlarını ərazilərdən çıxarılması ilə bağlı müəyyən güzəştə gedə bilərlər. Lakin bunun əvəzində onlar Dağlıq Qarabağa keçici status tələb etsələr. Bu prosesdə qarşılıqlı anlaşmaya gətirib çıxarmayacaq. Azərbaycan ərazi bütövlüyünün təminini istəyir, ermənilər isə hər vəchlə Dağlıq Qarabağa hər hansı statusun verilməsini tələb edir. Bu cür mövqeləri yaxınlaşdırmaq o qədər də asan olmayacaq”.
"Görüşlə bağlı böyük ümidlərin olduğunu da düşünmürəm"
Politoloq Rüstəm Məmmədov:
“Biz Krakovda keçiriləcək görüşün əhəmiyyətli, faydalı olmasını istəyirik. Lakin görüşlə bağlı böyük ümidlərin olduğunu da düşünmürəm. Çünki Ermənistan tərəfi problemin müsbət həlli ilə bağlı konkret mövqeyə malik deyil. Bildiyiniz kimi bu günlərdə Rusiya XİN başçısı da məsələnin həllində Rusiyanı məsuliyyətdən azad etməyə çalışdı. Bu, diplomatik gediş idi. Rusiya çox yaxşı bilir ki, danışıqların müsbət həlli üçün müəyyən şərait olmalıdır. Hazırkı vəziyyətdə Ermənistan seçkilərə gedir. Belə olan halda, düşmən ölkə heç zaman Azərbaycanı qane edən təklif irəli sürməz. Bununla Ermənistan öz aşağı reytinqini bir az da aşağı salmış olar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, yaxın müddət ərzində Ermənistandan münaqişənin həli ilə bağlı konstruktiv mövqe nümayiş etdirməsi mümkünsüzdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB