Xalq öz Prezidentini dəstəkləyir! - 92,8% ANALİTİK

Xalq öz Prezidentini dəstəkləyir! - 92,8% ANALİTİK

Keçirilən növbəti sorğunun məntiqi nəticəsi də məhz bu faktora əsaslanır

Artıq, bəlli olduğu kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb və sorğunun nəticələrinə görə, Azərbaycan seçicisi hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib, Onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirib və ölkə başçısının fəaliyyətinə böyük ümid bəslədiyini əminliklə vurğulayıb. Sorğuda iştirak edən və bütün sahələrdə çalışan, eləcə də bütün regionlarımızı (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) əhatə edən seçicilər (4560 respondent) bilavasitə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə birmənalı dəstək göstərdiklərini vurğulayaraq, Ona etimad etdiklərini əminliklə qeyd ediblər.

Qurucu və yaradıcı Prezident!

Ümumiyyətlə, Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini, ölkədə yürüdülən daxili və xarici siyasəti qiymətləndirən respondentlərin 92,8%-i Prezident İlham Əliyevin siyasətinə yekdilliklə dəstəklədikərini bundan sonra da bu siyasətə dəstək verərək, öz rəylərinə sadiq qalacaqlarını vurğulayıblar. Əlbəttə, sorğunun nəticəsi də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 92,8% respondentin rəğbətini qazanması zamanın reallığından və Azərbaycan xalqının iradəsindən, inam və etimadından irəli gəlir. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü Azərbaycan tarixinin bütün əvvəlki illəri ilə müqayisə etdikdə, qısa bir zaman kəsiyində bir əsrə sığmayan və reallaşdırılması heyrət doğuran misilsiz və nəhəng quruculuq işlərinin şahidi oluruq. Xalq arasında həqiqətən qurucu və yaradıcı Prezident imicini qazanmış, müasirlik simvoluna çevrilmiş möhtəşəm praqmatizimliyi ilə seçilən Prezident İlham Əliyev öz seçki kampaniyasını gurultulu sözlərlə yox, real işlərlə, dövrün tələblərinə uyğun yeritdiyi siyasətlə, ölkəmizin beynəlxalq nüfuzunu günbəgün, aybaay, ilbəil artırmaqla həyata keçirmiş və onun bəhrəsini görmüşdür. Onun başladığı bütün işlərin Azərbaycanın daha parlaq gələcəyinə hesablandığını görməmək mümkün deyil.

Hazırda da dünya iqtisadiyyatını bürümüş böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı, sürətli inkişafını davam etdirir, respublikanın müstəqillik illərində əldə etdiyi iqtisadi potensial gündən-günə artırılır və bütün bu imkanlar ölkənin hərtərəfli inkişafının təmin olunmasına, insanların həyat şəraitinin daha da yüksəldilməsinə yönəldilir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qazanılan bütün nailiyyətlər “Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir, çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir”.

Bu bir faktdır ki, dövlət başçısının Azərbaycanın bölgələrinə etdiyi səfərlər respublika əhalisi tərəfindən xüsusi rəğbətlə və sevinclə qarşılanır. Çünki Onun getdiyi hər bir rayonda, hər bir şəhərdə abadlıq və quruculuq işlərinə yeni impuls verilir, bu işlərin vüsəti daha da artır, yaranmış problemlər, bölgələrin ehtiyacları daha əyani surətdə öyrənilir, onların həlli yolları müəyyənləşdirilir.

Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, O, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir

Vətəndaşlar çox gözəl bilirlər ki, Prezidentin bu səfərlərindən əsas məqsəd görülən abadlıq və quruculuq işlərinin daha da sürətləndirilməsi, bunların xalqa təqdim edilməsidir. Prezident İlham Əliyevin elə bir səfəri yoxdur ki, həmin bölgədə bir çox yeni mədəniyyət, səhiyyə müəssisəsi, məktəb, idman qurğusu və digər obyektlər istifadəyə verilməsin. Artıq bu gün Azərbaycanın güclü və qüdrətli iqtisadiyyatı imkan verir ki, yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular da həyata keçsin, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilsin və çevrilməkdədir də!

Dövlət başçımız vurğulayır ki, görülən bütün işlərin təməlində güclü iqtisadiyyat dayanır: “Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur”.

Artıq respublikanın istər paytaxtında, istərsə də rayonlarında fasiləsiz qaz, su, enerji təminatı adi hala çevrilir. Bütün bölgələrdə kəndarası yollara asfalt döşənir, ucqar dağ kəndlərinə çəkilən geniş və rahat yolların, körpülərin sayı durmadan artır, insanlar əsl rahatlığın, əsl insani yaşayışın nə olduğunu gündəlik həyatlarında görür, hiss edirlər. Azərbaycanın zəngin təbii sərvətləri və coğrafi imkanları hesabına turizm şəbəkəsi gündən-günə inkişaf edir, respublikamızdan və xarici ölkələrdən olan daha çox sayda insanın ölkəmizdə istirahətinə şərait yaradılır. Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, O, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir. Dövlət başçısının mövqeyi qətidir: “Əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı və təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik”.

Doğrudan da dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, “Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. ...Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır”.

Beləliklə, bu gün Azərbaycan seçicisi, sorğuda iştirak edən respondentlər ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, Onu gələcək prezident seçkilərində də dəstəkləməyə hazır olduğunu bildirir və yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük ümid, etimad göstərir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə