Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Ümumilikdə 35-dən müraciətə artıq baxılıb və müvafiq qərarlar qəbul olunub.
Müraciətlərin demək olar ki, hamısı dairə seçki komissiyalarının namizədlikdən imtinanı nəzərdə tutan qərarla bağlı olub. Müraciətlərin əksəriyyəti əsassız hesab edilib. Əsassız sayılanlar arasında Müsavat Partiyası başqanının müavini, "AXCP-Müsavat" seçki blokunun vahid namizədi Qabil Hüseynlinin müraciəti də olub. Onun 95 saylı Tərtər seçki dairəsindən qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılıb.
Müraciətlərdən 7-i isə təmin edilib. Onların qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyalarının qərarı ləğv edilib. Həmçinin, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, "AXCP-Müsavat" seçki blokunun vahid namizədi Arif Hacılının barəsində verilmiş Suraxanı birinci dairə seçki komissiyasının qərarı da ləğv olunub. A.Hacılının namizədliyi qeydə alınıb.
İclasın sonunda çıxış edən MSK sədri Məzahir Pənahov İctimai Televiziyada pulsuz efir vaxtının ilk günündə bir neçə namizədin iştirak etməməsindən təəssüfləndiyini bildirib: "Demokratik cəmiyyətlərdə mətbuata, efirə çıxmadan nəyəsə nail olmaq çətindir. Çəkinmədən nəyə qadir olduğunuzu göstərmək lazımdır. Fikrinizi cilalanmış şəkildə çatdıra bilməsəniz belə, davranışınız çox şey deyə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB