Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən GÖZLƏNTİLƏR

Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən GÖZLƏNTİLƏR

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş haqqında əvvəlcədən nəsə söyləmək düşgün olmazdı. Çünki, görüş haqqında praqnozlar o qədər də müsbət deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hücumedici diplomatik addımların atıldığını deyən politoloq söyləyib ki, bunun nəticəsidir ki, artıq böyük və aparıcı dövlətlər də məsələyə nöqtə qoyulmasını istəyirlər: “ Düzdür, onlar Azərbaycanı öz maraqları çərçivəsində hansısa planı qəbul edib məhz bu plan əsasında hərəkət etməyə cəlb etməyə çalışsalar da, ölkəmizin mövqeyi kifayət qədər prinsipal və qətidir. Azərbaycan prezidentinin söylədiyi kimi biz heç zaman öz ərazimizdə ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verəməyəcək, gec və ya tez torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün səylərimiz də bundan ibarətdir”.

F.Sadıqov bildirib ki, hazırda problemin həlli ilə əlaqədar bir sıra təklif və planlar var: “Bildiyiniz kimi bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana və daha sonra İrəvana səfər etmişdi. Bütün bunlar məsələnin həllində müəyyən dinamikanın, canlanmanı göstərir. Bu baxımdan düşünürəm ki, bu gün Vyanada keçiriləcək Azərbaycan-Ermənistan XİX başçılarının görüşü konkret nəticə ilə yekunlaşmasa da, hər halda bu istiqamətdə bir addım olacaq. Danışıqlar zamanı hansısa layihələr ətrafında müzakirələr aparılacaq”.

Politoloq əlavə edib ki, biz məsələnin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmasının gərəkliyini çox yaxşı bilirik: "Bu baxımdan həmsdərlər ilk olaraq öz funksiylarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır” .

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə