Fazil Mustafa: “Müsavatın bu müraciətinə baxılmamalıdır” - AÇIQLAMA

Fazil Mustafa: “Müsavatın bu müraciətinə baxılmamalıdır” - AÇIQLAMA
"İslahat bloku" parlament seçkilərində iştirak etmək üçün 106 namizəd irəli sürüb. Onların içərisində qeydə alınan və alınmayanlar var". Bu barədə SİA-ya "İslahat bloku" siyasi partiyalar blokuna daxil olan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa məlumat verib. Seçkilərə hazırlıqla bağlı ilkin mərhələnin başa çatmadığını xatırladan millət vəkili mərhələnin yekunları ilə bağlı ümumiləşdirmə aparmadıqlarını dilə gətirib.

O bildirib ki, seçkilərin ilkin mərhələsində gedən prosesləri normal hesab etmək olar: "Bu mərhələdə qanunauyğun şəkildə imzalarını təqdim edən namizədlərin qeydiyyatı ilə bağlı problem yoxdur. Blokumuzun ümumi prinsipləri müəyyənləşib və bu prinsiplərə uyğun olaraq da parlament seçkilərinə hazırlıq işlərimizi davam etdiririk. Partiya şəklində ayrıca iştirakımız nəzərdə tutulmayıb".

İmzatoplama zaman törədilən maneçiliklərlə bağlı səslənən fikirlərə toxunan partiya sədri çıxışlara etiraz edərək imzatoplama ilə bağlı heç bir maneçiliklə rastlaşmadıqlarını dilə gətirib: "Ola bilsin ki, imzatoplama kampaniyasında müəyyən şəxslər namizədliyini irəli sürdüyü dairələrdə seçici bazası zəif olduğuna görə çətinliklərlə qarşılaşırlar. Bizdə də belə namizədlər var. Amma bu, hər hansı şəkildə müəyyən bir orqanların müdaxiləsi kimi qiymətləndirilməməlidir. Buna namizədlərin özlərinin prosesə nə dərəcədə hazırlıqlı olub-olmaması kimi baxılmalıdır. Mənə elə gəlir ki, builki parlament seçkilərinin ilkin mərhələsində bununla bağlı hər hansı bir şikayət nə partiyaların, nə də blokların qərargahına daxil olmayıb".

Müsavat partiyasının Mərkəzi Seçki Komissiyasında ona ayrılmış yerlərə nümayəndələr təyin edilməsi ilə bağlı millət vəkili Pənah Hüseynin tələbinə də münasibət bildirən F. Mustafa tələbi absurd adlandırıb. O bildirib ki, bu tələbin yerinə yetirilməsi qanunda nəzərdə tutulan müddəaların pozulmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, Müsavatın bu müraciəti qəbul olunmazdır: "Biz bunun absurd olduğunu Milli Məclisin payız sessiyasında da əsaslandırdıq. Ümumiyyətlə, qanun hamının bərabərliyini tanımalıdır. Azlıqda olan partiya deyəndə burada kimlər nəzərdə tutulur? Burada konkret hansısa bir partiyaya xüsusi imtiyaz verilməyib. Niyə Müsavat partiyasına olar, bizə olmaz? Bu cür ayrı-seçkilik gələcəkdə qanunun müddəalarının pozulmasına gətirib çıxaracaq. Bu baxımdan da mənim prinsipal mövqeyim budur ki, Müsavatın bu müraciətinə baxılmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə