Mehman Əliyev: “Soros" Fondu qrantları əksər hallarda müstəqil adamlara verir” - MÜNASİBƏT
Açıq Cəmiyyət İnstitutu Azərbaycan Respublikasının Milli Məclisinə noyabr ayında keçiriləcək seçkilərlə bağlı 3 layihə icra edir. SİA-ya açıqlamasında bu haqda "Turan" informasiya agentliyinin direktoru, Açıq Cəmiyyət İnstitutunun ("Soros" Fondu) Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri Mehman Əliyev məlumat verib.
O, layihələrin həyata keçirilməsi üçün ümumilikdə 67 min dollardan bir qədər çox vəsaitin ayrıldığını bildirib: "Birinci layihə seçkilərin media tərəfindən işıqlandırılması ilə bağlıdır. Əsas məqsəd ictimaiyyətə seçkilər haqqında dolğun və düzgün informasiyanın çatdırılmasıdır. İkinci layihə seçkilərdə iştirak edənlərə hüquqi yardım məsələlərini nəzərdə tutur. Üçüncü layihə isə bir qədər kiçikdir. 3 nəfərlik qrup seçkilərin qiymətləndirilməsini həyata keçirəcək. Ayrılan vəsait o qədər də çox deyil. Layihələr 4 aylığa nəzərdə tutulub-avqust, sentyabr, oktyabr, noyabr. Aydındır ki, seçkilər seçki günü yekunlaşmır. Layihələr çərçivəsində seçkilərdən sonrakı proseslər də dəyərləndiriləcək. Hal-hazırda namizədlərin qeydə alınması prosesi izlənilir".
"Soros" Fondu ilə bağlı birmənalı olmayan, bir sıra ölkələrdə hakimiyyət çevrilişlərində əli olması, qarışıqlıq yaratması ilə bağlı səslənən fikirlərə gəlincə, M.Əliyev bu fikirlərlə razılaşmadığını dilə gətirib: "Deyildiyi kimi, fond dağıdıcı fəaliyyətlə məşğul olursa, hakimiyyət orqanları konkret faktlardan çıxış edərək münasibətlərini bildirərlər. Belə bir şey yoxdur. Açıq Cəmiyyət İnstitutunun əksər layihələri gənclərin inkişafı, təhsilin inkişafı, vətəndaşların hüquqları, uşaqlarla, yeni media ilə bağlıdır. Cəmiyyətin vətəndaş cəmiyyətinə dəstəyi kifayət qədərdir. Kim nə danışırsa, danışsın, Açıq Cəmiyyət İnstitutu vətəndaş cəmiyyətinin rolunun artırılması, qeyri-hökumət sektorunun aktivliyinin dəstəklənməsi və stimullaşdırılması istiqamətində işlər görür. Biz də çalışacağıq ki, müxtəlif layihələrin uğurla həyata keçirilməsinə öz töhfəmizi verək. Cəmiyyətin fəaliyyəti dağıdıcı xarakter daşımır. Mənim fikrim budur ki, problemlər hakimiyyətin özü ilə bağlıdır. Məmurlar var ki, şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar. Qiymətlərin artımı maaşların artımını üstələyib. Bütün bu problemləri "Soros" Fondu yaratmayıb".
Fondun Azərbaycan müxalifətini maliyyələşdirməsi ilə bağlı səslənən fikirlərə də toxunan fondun Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri ortada heç bir maliyyələşmənin olmadığını qeyd edib: "Danışırlar, amma bir nəfər bir fakt ortaya qoymur ki, filan müxalifət partiyası kimdənsə pul alıb. Bununla bağlı siyahıda olan qeyri-hökumət təşkilatlarının əksəriyyətinin heç müxalifətə aidiyyəti yoxdur. Digər tərəfdən ola bilər ki, müxalifət partiyasının üzvü hər hansı bir QHT təmsilçisi cüzi miqdarda vəsait alsın. Bu o demək deyil ki, bu vəsait partiyaya istədiyi yerdə xərcləmək üçün verilib. Bunlar konkret layihələrdir. Məsələnin başqa bir tərəfi də var. Harada göstərilib ki, müxalifət partiyasının üzvü qrant ala bilməz. Yəni ona qarşı hansısa başqa hüquqlar tətbiq olunmalıdır? Əksər qrantlar müstəqil adamlara verilir. Hesab edirəm ki, burada hansısa problem yoxdur".
Mətbuatda iqtisadi, informasiya əldə etmək, etik normaların pozulması, peşəkarlıq problemlərinin müşahidə edildiyini söyləyən M.Əliyev bu problemlərin konkret pul yardımları ilə aradan qaldırılmasının çətin olduğunu bildirib: "Hesab edirəm ki, problemin nəticələrini aradan qaldırmaqdansa, onun səbəbi araşdırılmalıdır. "Soros" Fondu da problemlərə məhz bu baxımdan yanaşır. Hökümətə bir sıra təkliflər verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB