YAP Lənkəran rayon təşkilatının X konfransı keçirilib

Oktyabrın 5-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının X konfransı keçirilib. SİA xəbər verir ki, konfransdan öncə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lənkəran rayon təşkilatı İdarə Heyətinin üzvləri və digər qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Konfrans öz işini Heydər Əliyev Mərkəzində davam etdirib. Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın sədri Lənkəran rayon İH-nin başçısı, YAP Lənkəran rayon təşkilatı idarə heyətinin üzvü Taleh Qaraşov konfransı açaraq bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur. Belə ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Sonra YAP Lənkəran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayevin şəhər təşkilatının IX konfransından ötən müddət ərzində görülmüş işlər barədə məruzəsi dinlənilib.

Məruzə ətrafında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək fikir və rəylərini bildirib, YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar.

Konfransda təşkilatı məsələyə baxılıb, Möhübbət Hacıbaba oğlu Babayev YAP Lənkəran rayon təşkilatının sədri, Elnur Həsənəli oğlu Hüseynov sədrin müavini, İdarə Heyətinin üzvü seçilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə