4 Türkiyə vətəndaşı barədə həbs qərarı

4 Türkiyə vətəndaşı barədə həbs qərarı

Azərbaycanın aidiyyəti orqanlarının icazəsi olmadan Ermənistanın işğal etdikləri Dağlıq Qarabağa getdikləri üçün Türkiyə vətəndaşları - siyasətçi Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu haqqında cinayət işi açılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə mətbuatı Azərbaycan Baş Prokurorluğuna istinadən yayıb. (http://www.hurriyet.com.tr/azerbaycandan-4-unlu-turke-soguk-dus-tutuklama-karari-40593762)

Prokurorluqdan verilən yazılı açıqlamada bildirilir ki, Uras, Çetinoğlu, Bayramoğlu və Katırcıoğlu bu ilin 22 sentyabrında qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa Ermənistandan keçərək səfər ediblər.

Anadolu Agentliyinin xəbərinə görə açıqlamada bildirilir ki, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq Azərbaycan dövlət sərhədini qanunsuz keçən hər 4 Türkiyə vətəndaşı barəsində istintaq işi aparılması nəzərdə tutulub. Uras, Çetinoğlu, Bayramoğlu və Katırcıoğlu haqqında həbs qəti-imkan tədbirinin seçildiyi və beynəlxalq axtarışa verildiyi haqda Türkiyə hökumətinə müraciət edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanın Ermənistan ordusunun işğalı altındakı Dağlıq Qarabağ ərazilərinə gedən xarici vətəndaşlar üçün müxtəlif sanksiyalar tətbiq edilir. Haqqlarında məhkəmə prosesi başladılan həmin şəxslərin adı Azərbaycanın "qara siyahı"sına salınır.

Məlumat üçün bildirək ki, Dağlıq Qarabağa icazəsiz gedən üç ölkənin (Belorus, Rusiya və İsrail - red.) vətəndaşı olan blogger Aleksandr Lapşin fevral ayında Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya edilmiş və 3 il həbs cəzasına məhkum edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə