Sərdar Cəlaloğlu: "Milli Şura" neçə dəfə mitinq keçirərsə, belə uğursuzluğa düçar olacaq"
Son günlər müxalifətin radikal kəsimi yenidən mitinq və aksiyalara başlamaq ətrafında qərarlar versələr də həmin qərarların hər zaman olduğu kimi vahid mərkəzdən verilməməsi diqqət çəkməkdədir. Daha dəqiq desək, bu gün pərakəndə və parçalanmış şəkildə, eləcə də ayrı-ayrı qurum və birliklərdə təmsil olunan müxalifətçi siyasi təşkilatların mövqesizlikləri onların bir-birlərini həzm etməmələrindən irəli gələn real faktorlardan biridir. Xüsusilə, AXCP-nin egidası altında ölü qurum kimi tanınan “Milli Şura”nın Müsavatla olan düşmənçilik münasibətləri qeyd edilən fikri kifayət qədər təsdiqləmiş olur.
Bu arada ənənəvi düşərgədəki rüsvayçı durum barədə mətbuata fikir bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu digər amillərə də toxunaraq bildirib ki, bu gün düşərgədəki mövcud durumun əsas baiskarları məhz özlərini “lider” adalandıranlardır. Yəni, özlərini “lider” kimi təqdim etmələrinə baxmayaraq, onları bu statusda qəbul etməyənləri müxalifətçi hesab etməyənlər bütövlükdə müxalifəti parçalayıblar. Bu baxımdan, ADP sədri Müsavat Məclisinin üzvləri tərəfindən irəli sürülmüş “birgə mitinq” təklifinin reallaşmayacağına əmin olduğunu deyib. Buna isə digər səbəblərin də olduğunu bildirib.
ADP sədri: “Siyasi partiyaların QHT ətrafında birləşməsi anormal haldır”
Başqa tərəfdən, müsavatçılar “Milli Şura”dan fərqli olaraq belə bir təkliflə çıxış ediblər ki, mitinq təşkilatçısı nə AXCP-“Milli Şura” cütlüyü, nə də Müsavat partiyası olsun, aksiyanı isə QHT statusunda olan NİDA vətəndaş hərəkatı təşkil etsin. Ümumilikdə belə qərarların ictimai rəydə istehza doğurduğunu bildirən S.Cəlaloğluya görə, “Milli Şura”nın mitinqin vaxtını ayrıca təyin etməklə bağlı müraciəti də, Müsavatın mitinqin təşkilatçılığını hansısa siyasiləşmiş QHT-nin həyata keçirməsi barədə ideyası da zərərli bir haldır. SİTAT: “İndiki vəziyyətdə “Milli Şura” neçə dəfə mitinq keçirsə belə uğursuzluğa düçar olacaq. “Milli Şura”nın heç bir kənar siyasi partiya ilə mitinq keçirməməsi, heç bir qüvvə ilə siyasi əməkdaşlıq etməməsi, özündən başqa heç kimi müxalifət saymaması əslində müxalifətin bir araya gəlməsində ən ciddi problemlərdən biridir. “Milli Şura”nın rəhbərliyi bu mövqeyini açıq şəkildə ifadə edib. Bunu Müsavat partiyası dolayısı, “Milli Şura”-AXCP isə açıq ifadə eləyib. Onlar deyirlər ki, bizdən başqa müxalifət yoxdur. İndi Müsavat partiyasından irəli sürülən təklifdən belə çıxır ki, partiyalar hansısa QHT-nin ətrafında birləşməlidir. Siyasi partiyaların QHT ətrafında birləşməsi anormal haldır”.
ADP sədrinin sözündən həm də belə qənaətə gəlmək mümkündür ki, ümumiyyətlə, hər hansı siyasi partiyanın QHT bayrağı altında mitinqlər keçirməsi bu partiyaların gücsüzlüklərinin, fəaliyyətsizliklərinin və ən əsası, xalq tərəfindən heç bir dəstək görməməsinin nəticəsidir. Həmçinin, NİDA hərəkatının ümumiyyətlə, ictimai rəydə heç bir nüfuzunun olmadığı halda bu siyasiləşmiş QHT-nin “birləşdirici” rolunda ortaya atılması ideyası parçalanmış müxalifətin nə dərəcədə səviyyədən kənar qruplaşmalardan ibarət olduğunu bir daha sübuta yetirmiş olur.
“Əgər bu gün biz kortəbii kiçik çaplı aksiyaların keçirilməsini görmürüksə, deməli, biz təşkil olunmuş böyük mitinqlər keçirə bilmərik”
“Məni maraqlandıran odur ki, nə üçün Müsavat və AXCP müxalifətin adı altında və müxalifətin birgə mitinqlərinin keçirilməsinə razı deyillər. İndiyəqədərki çoxsaylı təcrübələrdən də qeyri-siyasi şəxslərin və təşkilatların ətrafında yaradılan birliklərin böyük uğursuzluğa düçar olduğunu görmüşük”-deyə qeyd edən ADP sədri ənənəvi müxalifətin normal siyasət qurmaları üçün yalnız bir yerdə olmalı olduqlarını deyib, əks halda heç bir ictimai təşkilatın adı altında siyasi müxalifətin aksiyalar keçirməsi düzgün olmayacaq.
S.Cəlaloğlu mitinq və aksiyaların keçirilməsi üçün ilk növbədə sosial sifarişin olması vacibliyini deyib, ancaq Azərbaycanda belə bir vəziyyətin olmadığını bildirib. Ümumiyyətlə, ADP sədri sosial sifarişin olmadığı vaxtda kortəbii aksiyaların keçirilməsinin bilavasitə zəif müxalifətə daha ağır zərbələr vurduğunu qeyd edib: “Kütləvi aksiyaların keçirilməsi sosial sifarişin olmasını tələb edir. Əgər bu gün biz kortəbii kiçik çaplı aksiyaların keçirilməsini görmürüksə, deməli, biz təşkil olunmuş böyük mitinqlər keçirə bilmərik. Çünki sosial sifariş yoxdur. Sosial sifariş yoxdursa, buna uyğun olmayan hansı təklif irəli sürülsə, xalq tərəfindən qəbul olunmayacaq, bir müddət əvvəl keçirilən son mitinqlərdə olduğu kimi 1000 nəfər adam qatılacaq və sən də mitinq keçirmək qərarından imtina edəcəksən”.
Partiya sədrinin müxalifətə xarici dəstəyin verilməsi istiqamətində dediyi fikirləri də diqqət doğurub. Belə ki, ona görə, xarici dəstək son seçki proseslərinə qədər verilirdi, ancaq Azərbaycandakı sabit mühit düşərgənin həmin dəstəkdən yararlana bilməməsi ilə nətiicələndi. Ona görə də, istər Qərb, istərsə də digər xarici dairələr artıq belə müxalifətdən əlini üzüb və Azərbaycana təsir etmək imkanlarını itirib: “Açıq şəkildə görünür ki, Qərb 2018-ci il seçkilərində müxalifətin üzərində hər hansı plan qurmur”.
“Rəsul Quliyev şansını əldən buraxıb”
ADP sədri bəzi xarici medialarda Azərbaycanla bağlı gedən qərəzli yazıların da gerçəkliyi əks etdirmədiyini bildirib və hesab edir ki, bu sadəcə hakimiyyətə qarşı qurulan təzyiq planı idi və bu plan da işləmədi. S.Cəlaloğluya görə, məqsəd bu olur ki, Azərbaycan iqtidarı Qərbin hansısa maraqlarına uyğun addımlar atsın. Lakin Qərb bu məsələdə məğlub olur.
S.Cəlaloğlu vaxtilə sədrlik etdiyi partiyanın “lideri” Rəsul Quliyev amilinə də toxunaraq bildirib ki, vaxtilə eks-spikerin az-çox dəstəkçiləri var idisə, indi bu dəstək ümumiyyətlə, yoxdur. Bu baxımdan, o, R.Quliyevin özünü Mixail Saakaşvili ilə müqayisə etməsini doğru hesab etmədiyini deyib və şansını əldən buraxdığını vurğulayıb.
Görünən isə budur ki, ötən illər ərzində öz üzərlərində heç bir dəyişiklik edə bilməyən müxalifət siyasi təşkilatları və özlərini “lider” adlandıran kəslər bu dəfə 2018-ci il seçkilərinə hazırlaşdıqları görüntüsünü yaratmağa çalışsalar da bu görüntü kənara – nə xarici dairələrə, nə də ictimai rəyə heç bir təsir göstərə bilmir. Bu mövcudluq isə oradakıların əbəs yerə cəhd etmələrini təsdiq edən başlıca faktor olaraq qiymətləndirilə bilər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB