Ali Məhkəmədə Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq konfrans işə başlayıb - SEÇKİLƏR

Bu gün Ali Məhkəmədə Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq konfrans işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda Prezident Administrasiyasının, Avropa Şurası Venesiya Komissiyasının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təmsilçiləri, Ali Məhkəmənin və Apellyasiya məhkəmələrinin hakimləri iştirak edirlər.

Konfransı açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda seçki təcrübəsi barədə məlumat verib, seçkilərə dair şikayətlərin məhkəmələr tərəfindən araşdırılmasının və qəbul edilən qərarların seçki prosesinin Avropa standartlarına uyğun, azad, ədalətli və demokratik keçirilməsinə təsirini qeyd edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov seçkilərin Seçki Məcəlləsinin tələblərinə və Avropa standartlarına uyğun keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib, seçkilərə dair şikayətlərə baxılması təcrübəsinin inkişafı baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirin ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, cəmiyyətdə fəal seçki mühitinin formalaşması baxımından da əhəmiyyəti vurğulanıb.

Avropa Şurası Venesiya Komissiyası ilə Azərbaycanın əlaqədar strukturları arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayan Venesiya Komissiyasının katibi Tomas Markert təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Konfransın seçkilərə dair şikayətlərə baxılması təcrübəsinin inkişafı, seçicilərdə seçki prosesinə inamın formalaşması baxımından əhəmiyyəti qeyd edilib.

Konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə