Abdullah Gül: “Qəzza İsrailin işğal etdiyi torpaqdır, Qəzza İsrailin deyil”

Birləşmiş Millətlər Təşkilatının (BMT) 65-ci sessiyasında iştirak edən Türkiyə prezidenti Abdullah Gül Kolumbiya Universitetinin Kitabxana salonunda keçirilən "Dünya Liderləri Forumu"nda çıxış edib. SİA-nın məlumatına görə, prezidentin "İsraillilər və fələstinlilər eyni millət deyil, eyni millətin parçaları deyil. Qəzza İsrailin işğal etdiyi torpaqdır, Qəzza İsrailin deyil, Fələstin torpaqları İsrailə aid deyil" deməsi ilə salonda alqışlar eşidilib.

 

Qəzzəya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə edilən hücum, planlaşdırılan Türkiyə-İsrail birgə hərbi təlimlərinin ləğv edilməsi ilə bağlı suala cavab olaraq A.Gül Türkiyə-İsrail əlaqələrinin bir neçə ay əvvələ kimi çox güclü bir şəkildə davam etdiyini, Türkiyənin İsraili və bu ölkənin bögədəki əhəmiyyətini lap başlanğıcdan tanıyan ilk müsəlman ölkə olduğunu, İsraillə xeyli sayda əməkdaşlıq müqavilələrin bağladığını söyləyib. Türkiyənin Suriya ilə İsrail arasında danışıqlarda da vasitəçilik etdiyini deyən Türkiyə dövlət başçısı bu danışıqların yekunlaşma mərhələsində olduğu bir vaxtda Qəzza hadisələrinin ortaya çıxdığını və bunun Türkiyəyə çox təsir etdiyini ifadə edib.

 

Qəzzadakı hadisələrin canlı olaraq dünya tərəfindən izlənildiyini, Qəzzanın necə bombalandığının bütün dünya gördüyünü qeyd edən A.Gül "Bundan sonra heç bir şey olmamış kimi davranmaq mümkün deyil" söyləyib. Türkiyə və İsrailin birgə hərbi təlimlərinin ləğv edilməsinin də bu şərtlər çərçivəsində qiymətləndirilməli olduğunu ifadə edən A.Gül bundan sonra da arzu edilməyən bəzi proseslərin baş verdiyini və bu proseslərin Türkiyənin seçimi olmadan ortaya çıxdığını vurğulayıb.

 

Qəzzaya yardım aparan donanmada 36 ölkədən insanların olduğunu və "Mavi Mərmərə" gəmisinin beynəlxalq sularda İsrail tərəfindən hücuma məruz qalması ilə 9 Türkiyə vətəndaşının öldüyünü diqqətə çatdıran Türkiyə prezidenti bunları görməməzliyə vura bilməyəcəklərini, məsələnin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin lazım olduğunu vurğulayıb. O, BMT üzvü ölkələrini də beynəlxalq hüququn bir-biri ilə bağladığını söyləyib.

 

A.Gülə belə bir sual da ünvanlanıb: "Belə bir yardım donanması Türkiyədək kürdlərə doğru getsəydi, Türkiyə o zaman nə edərdi?" A.Gül isə cavab olaraq bunları deyib: "Burada doğru olmayan bir məsələ var. Kürdlər bizim öz vətəndaşlarımız, min ildir bərabərik. Mənim nümayəndə heyətimdə kimin türk, kimin kürd olduğunu bilmirəm. Nazirlər Kabinetində kim türk, kim kürd, ancaq soruşsanız bilinər. Hamımız Türkiyə Respublikasının bərabər vətəndaşlarıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...