Elman Nəsirli: “Ermənilər Azərbaycanın bölgədə lider ölkə olmasını dərk edən bir diplomatın bu ölkəyə səfir təyinatından narahatdır” - MÖVQE

Elman Nəsirli: “Ermənilər Azərbaycanın bölgədə lider ölkə olmasını dərk edən bir diplomatın bu ölkəyə səfir təyinatından narahatdır” - MÖVQE

"Metyu Brayzanın təyinatı ilk növbədə ABŞ-ın milli maraqları baxımından vacibdir". SİA-ya açıqlamasında bu sözləri politoloq Elman Nəsirli ABŞ Senatının xarici əlaqələr komitəsinin ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya üzrə müavinin sabiq köməkçisi Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqləməsinə münasibət bildirərkən deyib.

Uzun müddətdir ki, ABŞ-ın Azərbaycandakı səfir postunun boş qaldığını deyən politoloq Minsk qrupunda həmsədrlik edən Metyu Brayzanın bu posta namizədliyinin ölkə prezidenti Barak Obama tərəfindən irəli sürüldüyünü xatırladıb: "ABŞ-ın qanunvericiliyinə görə, təyinat Senatda təsdiqlənəndən sonra son sözü prezident deməlidir. Senatın özündə ilk olaraq bu məsələyə xarici əlaqələr komitəsində baxılır. Məlumdur ki, qondarma erməni soyqırımı ilə bağlı məsələ də mütəmadi olaraq bu komitədə gündəmə gətirilir. Bu baxımdan Azərbaycana səfir təyinatı məsələsinin sözügedən komitədə ciddi müzakirələr mövzusu olması başadüşüləndir. Çox güman ki, Barak Obamanın Metyu Brayzanın Azərbaycana səfir təyinatına münasibətindən də çox şey asılı olacaq. Konqresdə demokratlar üstünlük təşkil edir və prezident də demokratdır. Bu baxımdan özünün irəli sürdüyü namizədini hansı şəkildə müdafiə etməsi son nəticəyə təsir edəcək".

M.Brayzanın Azərbaycana səfri təyinatının Azərbaycana, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə verəcəyi xeyrə gəlincə, politoloq qeyd edib ki, diplomat xeyli müddət həmsədr vəzifəsini yerinə yetirdiyindən münaqişənin bütün incəliklərini bilir və buna görə də itirilmiş vaxt anlayışı olmayacaq: "Brayzaya münaqişənin bütün detalları məlumdur. Bu baxımdam demək olar ki, itirilmiş zaman söhbəti olmayacaq. Diplomat tam olaraq prosesin içində olacaq. Onun təyinatı heç şübhəsiz ki, münaqişənin həllində ABŞ-ın səylərinin daha da artmasına gətirib çıxaracaq. Brayza dinamik bir diplomat təsiri bağışladığına görə, istisna deyil ki, onun Azərbaycana səfir təyin olunması ABŞ-ın da problemin həlli prosesində intensivliyə kömək edə, Azərbaycan ilə bu ölkə münasibətlərinin daha da yaxşılaşmasına gətirib çıxara bilər".

Təyinata ermənilərin çox kəskin etiraz bildirməsinin də məhz Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşmasını istəməməsindən irəli gəldiyini deyən E.Nəsirli bildirib ki, ermənilər Qafqaz regionunu çox gözəl tanıyan, bu regionda Azərbaycanın lider dövlət olduğunu yaxşı dərk edən, eyni zamanda Qafqaz və Xəzər regionundakı problemlərin Azərbaycansız həll etməyin mümkün olmadığını dərk edən bir şəxsin Azərbaycanda səfir olmasını istəmirlər: "Ermənilər bütün bu reallıqlardan çox narahatdır. Metyu Brayzanın səfir təyin olunmasına qısqanclıqla yanaşaraq lobbiçilik fəaliyyətini aparırlar".

Ermənilərin 100 ildən artıqdır ki, ABŞ-da antitürk, antiazərbaycan fəaliyyəti apardığını deyən politoloq bu lobbinin hakimiyyət geniş təsir imkanlarının olduğunu qeyd edib. E.Nəsirli hesab edir ki, M.Brayzanın səfir təyin olunması belə erməni lobbisinin zəif olması anlamına gəlməməli və buna görə də arxayınlaşmamalıyıq: "Həmin o lobbinin gücü hesabına "907-ci düzəliş" indiyə kimi ləğv olunmayıb. Həmin o lobbinin gücü hesabına Azərbaycan torpaqlarını işğal altında saxlayan rejimə maliyyə yardımı edilir. Sadəcə olaraq elə məsələlər var ki, administrasiya milli maraqları həmin məsələlərə qurban vermir. ABŞ üçün milli maraqlar hər şeydən üstündür. Metyu Brayzanın təyinatı ABŞ üçün ilk növbədə milli maraqlar baxımından lazımdır, nəinki Azərbaycanın milli maraqları üçün. ABŞ düşünür ki, ölkənin Azərbaycanda milli maraqlarını məhz Brayza təmin edə bilər. Ermənilər prosesə mane olmağa çalışsalar da, ölkənin rəhbərliyi var, əksər hallarda onun sözü böyük rol oynayır. ABŞ prezidenti də qanunlara veto qoya bilir. ABŞ tarixində hesablanıb ki, birinci prezidenti Corc Vaşinqtondan 40-cı prezident Reyqana kimi prezidentin vetosunu aşmağın faizi cəmi 4 faizdir. Bunu diaspora da yaxşı başa düşür. Təbii ki, prezidentlə qarşıdurmanın müəyyən təhlükələri var. Ölkənin milli maraqları önə çıxanda diasporanın geri çəkilməkdən başqa rolu qalmır".

Səfir təyinatı ilə bağlı birinci müzakirələr zamanı M.Brayzanın çox ciddi tənqidlərə məruz qalmasından sonra səfir təyin olunmayacağına dair təəssüratların ortaya çıxdığını vurğulayan politoloqun sözlərinə görə, ikinci müzakirələrin məqsədi diplomata daha çoz təzyiq etmək idi: "Təzyiq də onunla bağlı idi ki, Brayza heç bir halda erməni maraqlarının əksinə getməcəyi ilə bağlı öhdəlik götürsün. Onsuz da Brayza deyib ki, ABŞ-ın milli maraqlarını müdafiə edəcək və o, münaqişənin obyektiv həllini istəyir. Yəni, nə erməni, nə də Azərbaycanın maraqlarını müdafiə edəcək. İkinci müzakirələrin təyin edilməsi də göstərir ki, Brayzanın səfir təyin edilməsi çox real görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə