Sabir Rüstəmxanlı: “Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin biliklərə malik olması münaqişənin həllinə mənfi təsir göstərəcək” - MÖVQE

"ABŞ Senatının xarici əlaqələr komitəsi ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya üzrə müavinin sabiq köməkçisi Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqlənməsi ilə bağlı mətbuatda gedən hay-küylü yazıları başa düşə bilmirəm". Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı SİA-ya açıqlamasında deyib.

Metyu Brayzenin Azərbaycan tərəfdarı kimi tanımadığını dilə gətirən millət vəkili onun ölkəmizə xüsusi bir münasibət bəsləməsini görmədiyini də vurğulayıb. Onun sözlərinə görə, M.Brayzanın səfir olub-olmamasının Azərbaycan və ABŞ siyasətində elə bir ciddi dəyişiklik yartamayacaq: "Əksinə mən onun vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarında bir sıra ziddiyətli məqamlar da görmüşəm. O sadəcə olaraq böyük bir ölkənin Azərbaycandakı təmsilçisi kimi öz ölkəsini təmsil edəcək, müəyyən diplomatik vəzifələri var ki, onları yerinə yetirəcək".

2009-cu ilin iyulunda keçmiş səfir Enn Dörsinin səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinin boş olması məsələsinə də toxunan millət vəkili bildirib ki, bir ildən atıq həmin vəzifənin boş olması bir sıra əsası olan və olmayan söhbətlər yaradırdı: "Hətta bununla bağlı dünyada müəyyən bir rəy formalaşdırmaq istəyirdilər. Lakin həmin ölkənin Azərbaycanda səfirinin olması bu söhbətlərə son qoyacaq".

Onun Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir təsirinə gəlincə S.Rüstəmxanlı Brayzanin münaqişə ilə bağlı dərin biliklərə malik olmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə