Hindistanın səfiri Gəncədə olub

Hindistanın səfiri Gəncədə olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rananı qəbul edib.

SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycanla Hindistan arasında uzun illərdir mövcud olan iqtisadi, sosial, aqrar və mədəni əlaqələrdən söz açılıb. İki ölkə arasında dostluq və müxtəlif sahələri əhatə edən əlaqələrin bundan sonra da yüksək templə davam edəcəyinə əminlik ifadə olunub.

İlk dəfədir Gəncə şəhərinə səfər etdiyini deyən səfir Sancay Rana burada olmaqdan sevinc hissi duyduğunu bildirib. Səfir diqqətə çatdırıb ki, gəlişinin məqsədi iki ölkə arasında tarixən mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsidir. Sancay Rana vaxtı ilə Hindistanla Gəncənin "DET-Al" alüminium zavodu arasında olan əməkdaşlıq əlaqələrinin bərpası arzusunda olduğunu qeyd edib.

Səfiri bildirib ki, Azərbaycan Texnologiya Universiteti ilə Hindistanın müəssisələri arasında yaxşı əməkdaşlıq əlaqələri qurulub. Aqrar sahənin inkişafı ilə bağlı Azərbaycan Dövlət Aqrar Universiteti ilə də əməkdaşlığın qurulmasını hədəfləyən səfir, səfər çərçivəsində bu ali məktəbə baş çəkəcəyini də qeyd edib. Sancay Rana mədəni əlaqələrin də inkişafından danışaraq, Gəncəyə Hindistanın musiqi qruplarının, rəqs ansambıllarının səfərini təşkil etmək istədiyini bildirib.

Buna müvafiq olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd olunan sahələrdə mövcud olan əlaqələrin möhkəmləndirilməsi və inkişafının tərafdarı olduğunu bildirib. Elmar Vəliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanın müzeylərində saxlanılan əl yazmalarının Gəncəyə gətirilməsi arzusunda olduğunu deyib.

Səfiri Sancay Rana "Səfir vurğulayıb ki, Gəncənin Heydər Əliyev Mərkəzi, Nizami muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə yaxından tanış olub. Gəncədə həyata keçirilən geniş abadlıq və quruculuq işlərini müsbət qiymətləndirirəm. Gəncədə qədimliklə müasirliyin vəhdət təşkil etdiyini cox gözəl görünür"-deyə bildirib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə