Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat ilə əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam edir: "Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı qətiyyətlə pisləyərək və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.

Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə