Azərbaycan Prezidenti: "Bu gün tarixdə öz yerini tutacaq"

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək əlamətdar hadisə ilə bağlı təbriklərini çatdırıb: "Biz indicə AGRİ layihəsi üzrə mühüm bir bəyannamə imzaladıq. Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır. Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir".

Bizim böyük həcmdə təbii ehtiyatlarımız vardır, deyən dövlət başçısı Azərbaycanın "Şahdəniz" və digər qaz yataqlarında hasilatı artırmaq üçün öz töhfələrini verəcəyini bildirib: "Bizim etibarlı nəqletmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoysaq görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etməyimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından, bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır.

Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi, əminəm ki, bizə uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm elementlərdən sayılır. Başqa sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər bir şərait vardır. Ümid edirəm ki, bugünkü imzalanma mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə uğurun əldə olunması üçün öz rolunu oynayacaqdır".

"Bir daha bu mühüm tarixlə bağlı hamını təbrik etmək istərdim. Əminəm ki, bu gün tarixdə öz yerini tutacaq, tərəfdaşlığı, enerji təhlükəsizliyini, üzərində çalışdığımız tədbirləri gücləndirəcək, xalqlarımız və regionlarımız arasında əməkdaşlığa, çiçəklənməyə və uğurun əldə olunmasına gətirib çıxaracaqdır. Bir daha mən hörmətli qonaqlarımıza bizimlə bir araya gəldiklərinə və bütün iştirakçılara gərgin əməklərinə görə təşəkkür edirəm. Çox sağ olun", Prezident İlham Əliyev deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...