Deputatların etik davranış qaydaları haqqında qanun layihəsi qəbul edilib
Bu gün Milli Məclsiin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi əvvəlki müzakirələrdə səslənmiş fikirlər nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilib. İşçi qrup bütün irad və təkliflərə ciddi diqqət yetirib.
Onun sözlərinə görə, nəticədə diskussiyalardakı fərqli mövqeləri nəzərə alan lakonik bir sənəd meydana gəlib. Bu qanun Milli Məclisin nüfuzunun gücləndirilməsinə və deputatlara etimadın artırılmasına xidmət edəcək.
Bildirilib ki, 13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.
Müakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Əli Məsimli və digərləri məsələnin aktuallığını, sənədin kifayət qədər cilalandığını, birinci oxunuşdakı variantda narahatlıq doğuran məqamların aradan qaldırıldığını, sənəddə mühüm dəyişikliklərin aparıldığını, layihənin mükəmməl hazırlandığını razılıqla qeyd etdilər. Çıxışlarda vurğulandı ki, bu qanun layihəsinin hazırlanmasında və təkmilləşdirilməsində Milli Məclisin Sədri Oqtay Əsədovun tövsiyələri və dəstəyi mühüm rol oynayıb.
Müzakirələrdən sonra qanun layihəsi II və III oxunuşda səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB