Litva ümumtəhsil məktəblərində “Azərbaycan mənim gözlərimlə” adı altında müsabiqə elan olunub

Litva ümumtəhsil məktəblərində “Azərbaycan mənim gözlərimlə” adı altında müsabiqə elan olunub

Yenicə başlanmış bu dərs ilinin əvvəlində Litva Respublikasının bütün ümumtəhsil məktəblərində "Azərbaycan mənim gözlərimlə" adı altında müsabiqə elan olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqə 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilir və bu tədbirdə Litvanın ümumtəhsil məktəblərinin 7-12-ci siniflərdə oxuyan şagirdlər iştirak edirlər. Litvada 1442 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və təhsil əsasən Litva dilində aparılır. Amma, bununla yanaşı, burada dövlət və yaxud bələdiyyə büdcəsindən maliyyələşdirilən polyak, rus, belarus, alman və idiş dillərində orta məktəblər də var. Odur ki, sözügedən müsabiqə bu məktəblərin şagirdlərinə də aiddir. 1990-cı il martın 11-də Litvanın Dövlət müstəqilliyinin bərpasından sonra, ilk dəfədir ki, bu istiqamətdə və bütün ölkə miqyasında beynəlxalq maarifləbdirmə layihəsi həyata keçirilir.

Müsabiqəni Litva Azərbaycanlıları Cəmiyyəti Litva Respublikasının Təhsil və Elm nazirliyi, Litva Milli İcmalar Evi və Litva gənclərinin turizm mərkəzi ilə birgə təşkil edib. Layihənin maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi verib.

Litva Respublikasının Təhsil və Elm naziri Gintaras Steponaviçyus sözügedən müsabiqənin təşkil edilməsi barədə Cəmiyyətin təşəbbüsü ilə bu ilin iyul ayında xüsusi sərəncam imzalayıb, müsabiqənin Əsasnaməsini və bu tədbirlə əlaqədar digər sənədləri təsdiq edib.

Müsabiqə işləri 2010-cu ilin oktyabrın 25-nə qədər Litva gənclərinin turizm mərkəzinin ünvanına göndəriləcək.

Şagirdlərin daha fəal surətdə müsabiqəyə qatılmalarını təmin etmək üçün təşkilatçılar müxtəlif həvəsləndirici tədbirlər və bədii proqramlar nəzərdə tutub.

Müsabiqə haqqında müvafiq bilgilər Litva kütləvi informasiya vasitələrilə artıq yayımlanmağa başlayıb. Həmçinin, müsabiqənin gedişatı və nəticələrinin də bu ölkədə geniş işıqlandırılması məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub.

Yüksək qiymətə layiq görüləcək müsabiqə işləri isə noyabr ayında Litva Respublikasının Təhsil və Elm Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Litva Milli İcmalar Evinin və Litva gəncləri turizm mərkəzinin saytlarında yerləşdiriləcək, bu vasitə ilə qaliblər və digər mükafatçılar, onların işləri Litva ictimaiyyətinə təqdim olunacaq, habelə bütün maraqlananlar, o cümlədən Azərbaycan şagirdləri də litvalı həmyaşıdlarının Azərbaycan mövzusunda yaratdıqları işlərlə bilavasitə tanış ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə