Politoloq: “BMT-də müzakirəyə çıxarılacaq qətnamənin Ermənistan tərəfindən tanınmaması sənədin hüquqi çəkisinə təsir edə bilməz” - MÜNASİBƏT

Politoloq: “BMT-də müzakirəyə çıxarılacaq qətnamənin Ermənistan tərəfindən tanınmaması sənədin hüquqi çəkisinə təsir edə bilməz” - MÜNASİBƏT
"Azərbaycanın təklif etdiyi Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə gələcəkdə ölkəmizin mövqelərinin möhkəmlənməsi, danışıqlar masası arxasında daha qəti şəkildə öz şərtlərini irəli sürməsi baxımından olduqca önəmlidir". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, sənəddə işğal olunmuş ərazilərdə insan hüquqlarının, beynəlxalq humanitar hüququn gözlənilməsi ilə bağlı məsələlələrlə yanaşı indiyə kimi BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu tərəfindən bu məsələ ilə bağlı verilən bəyanatlar da öz əksini tapacaq.

2008-ci ilin martında ölkəmizin təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" adlı qətnamənin qəbul olunduğunu xatırladan politoloq söyləyib ki, həmin qətnamədəki məsələləri özündə ehtiva edən yeni sənəd ölkəmiz tərəfindən BMT Baş Assambleyasına təqdim olunub: "Qətnamənin qəbul olunması olduqca önəmlidir. Bu sənəd Ermənistan tərəfini də narahat edir. Bu qətnamənin müsbət tərəflərini bir neçə məqamdan götürmək olar. Konkret olaraq isə qətnamənin müzakirə və qəbul olunması Azərbaycan tərəfinin məsələni beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığını göstərəcək. İkinci məqam ondan ibarətdir ki, qətnamənin müzakirəsi və ona səs vermə zamanı Azərbaycan beynəlxalq ictimaiyyətin ona olan münasibətini, ölkələrin hansı mövqedən çıxış etdiyini müəyyənləşdirəcək, gələcək də həmin ölkələrlə münasibətlərində korrektələr edəcək. Qətnamənin qəbul olunması Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bir daha sübüt edəcək".

E.Mirbəşiroğlu vurğulayıb ki, ilk dəfə Baş Assambleyanın toplantısında Avropa İttifaqının xüsusi nümayəndəsinin çıxış edəcəyi mühüm bir məqamdır. Qətnamədə ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda monitorinqlərin keçirilməsi tələbinə toxunan politoloqun sözlərinə görə, əgər monitorinqlər keçirilərsə o zaman işğal olunmuş ərazilərdə insan hüquqlarının ciddi şəkildə pozulduğu, maddi- mənəvi dəyərlərə dəyən zərərlər müəyyən ediləcək.

Qətnamənin Ermənistan tərəfindən qəbul olunmayacağını dilə gətirən E.Mirbəşiroğlu: "Sənədin Ermənistan tərəfindən tanınıb-tanınmaması prinsipal məsələ deyil. Əsas məqam sənədin BMT Baş Assambelayasında qəbul olunmasıdır. Ermənistanın bu sənədi tanımaması qətnamənin hüquqi çəkisinə təsir edə bilməz. Orada qoyulan məsələlər Ermənistanın istəklərinə zidd olduğu üçün erməni tərəfi bu qətnamənin əleyhinə çıxacaq. Artıq qətnamə haqqında Ermənistanın prezidenti səviyyəsində narahatçılıq doğuran fikirlər səsləndirilir. Onlar bu sənədin müzakirəyə çıxarılmasından çox narahatdırlar. Təbii ki, belə olan halda ermənilərin sənədə qarşı çıxmaları gözlənilən haldır. Başqa istisna ola bilməz",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə