“Ermənistanın təxribatları öz başında çatlayacaq” ŞƏRH

“Ermənistanın təxribatları öz başında çatlayacaq” ŞƏRH

"Ermənistan artıq uzun müddətdir ki, Azərbaycana qarşı təxribatlarını davam etdirir. Adətən bu proses Azərbaycanda mühüm tədbirlər həyata keçiriləndə, eyni zamanda ölkə üçün önəmli dönəmlərdə və ya danışıqlar prosesi öncəsi baş verir. İndiki şəraitdə isə düşmənin ölkənin cəbhə xəttində aktivləşməsinin əsas səbəbləri Azərbaycan ordusunun erməni təxribatlarına qarşı tutarlı cavab verməsi, Ermənistan ordusunda hökm sürən fərarilik hallarının kifayət qədər artması, eləcə də düşmən ölkədə ictimai-siyasi durumun kifayət qədər acınacaqlı vəziyyətdə olması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, düşmən ölkə hər zaman olduğu kimi, indi də diqqəti daxili problemlərindən yayındırmaq istədiyi üçün yenidən Dağlıq Qarabağ məsələsi üzərindən hərəkət etməyə çalışır: "Bu, Ermənistanın mövcud rejiminə xas olan xüsusiyyətlərdir. Çünki alternativ olaraq Ermənistan cəmiyyətinə təqdim etməyə heç nəyi yoxdur".

Aprel döyüşlərinin yenidən alovlanması ehtimalına gəlincə, E. Mirzəbəyli söyləyib ki, əgər düşmən ölkə təxribatlara davam etsə, Azərbaycan buna tutarlı cavab verəcək.

İndiki şəraitdə Ermənistanın əsas məqsədinin Azərbaycanı təxribata çəkməkdən ibarət olduğunu deyən siyasi şərhçi qeyd edib ki, düşmən ölkə təxribatlarını davam etdirsə, bu yenə qdə onların başında çatlayacaq: "Ermənistan hərbi siyasi müttəfiqi və ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğu qənaətindədir. Bu aspektdən də düşmən ölkə təxribatlarını məqsədyönlü şəkildə genişləndirir. Ermənistanın indiki işğalçı rejimi düşünürük ki, əgər təxribatlarını davam etdirsə və onlara qarşı ciddi cavab olarsa, o zaman prosesə üçüncü tərəf də qoşula bilər. Lakin onlar unudurlar ki, prosesə hər hansı bir üçüncü dövlətin müdaxilə etmək hüququ yoxdur. Bu, artıq regional deyil, qlobal müharibə və ya münaqişənin başlanmasına zəmin yarada bilər. Burada təkcə Azərbaycan silahlı qüvvələri deyil, xalqımız, dövlətimizlə yanaşı ölkəmizin hüdudlarından kənarda yaşayan 50 milyonluq azərbaycanlıdan söhbət gedir. Bu baxımdan əgər söhbət xalqın mənafeyindən gedəcəksə, o zaman xalq da qarşısında kimin olduğunu nəzərə almayacaq. Bu baxımdan Ermənistan təxribatlarını nəticə etibarı ilə davam etdirəcəksə, bu yenə də onların başında çatlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə