“Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir”

“Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir”

Bu gün Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak edib.

Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Ulu öndər haqqında danışmaq çox məsuliyyətlidir: "O, Azərbaycanın bugünku müstəqilliyinin banisidir. 1993-cü ildə ölkə çətin vəziyyətdə idi, Ulu öndər hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. O, ilk növbədə stabilliyə nail olduqdan sonra, ölkəni inkişaf etdirməyə başladı. Ulu Öndərin uğurlu siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir".

O əlavə edib ki, Azərbaycan Avropa Oyunlarını təşkil edib, bu il isə İslam Həmrəylik Oyunlarını keçirəcək: "Bütün bunlar bizim gələcəyimiz üçündür. Bizim hər birimiz Ulu öndərimizə borcluyuq. Gənclər Fondu Heydər Əliyev və azərbaycançılıq ideyası üzərində qurulub".

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov diqqətə çatdırıb ki, 1990-cı illərdə ölkə olduqca xaotik vəziyyətdə idi: "Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb. Gənclər siyasətinin əsasını dövlətin gənclərə qayğısı təşkil edir. Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, ölkədə həm Gənclər və İdman Nazirliyi, həmçinin də Gənclər Fondu var. Bu dövlətin gənclərə qayğısının bariz nümunəsidir".

Tədbirdə Azərbaycan Gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı uğrunda gördüyü işlər haqqında çıxışlar olub.

Tədbir zamanı Gənclər Fondu tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə