Millət vəkili: “AŞPA-da Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir" AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir. AŞPA-nın ədalətsiz olaraq Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı da bundan irəli gəlir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə dəfələrlə beynəlxalq təşkilatlarda haqsızlıq və ikili standartlarla qarşılaşıblar: "Buna baxmayaraq hər iki ölkə birlikdə həmin qurumlarda öz sözlərini deməlidir. Biz beynəlxalq təşkilatlarda fəaliyytəmizi davam etdirməli, öz mövqeyimizi ortaya qoymalıyıq. Bu gün də AŞPA-da qardaş Türkiyəyə qarşı qərəzli mövqe sərgilənməkdədir. Biz də öz mövqeyimizi, haqlı səsimizi oradan çatdırmalıyıq".

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin AŞPA-dakı uğurlu fəaliyyəti dövründən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi düzgün şəkildə bəyan olunub və AŞPA-nın münaqişə ilə bağlı qərarlarında ölkəmizin ərazi bütövlüyü təsbit olunub: "Bu, Azərbaycanın xarici siyasətinin qələbəsidir. Orada düşmən Ermənistan da var və biz onların qarayaxma kampaniyasının cavabını verməliyik. Azərbaycan dövləti öz mövqeyini mütləq şəkildə AŞPA-da nümayiş etdirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə