Politoloq: “Fransızların ermənilərə sevgisi məlum məsələdir”

Politoloq: “Fransızların ermənilərə sevgisi məlum məsələdir”

"Fransada keçirilən prezident seçkilərinin birinci turunun başa çatması ilə ölkədə siyasi temperatura daha da artdı. Emmanuel Makron cəmiyyətin elitasının və orta təbəqənin əsas səslərinə sahib çıxaraq birinciliyi əldə etdi. İkinci turda fransızların böyük səs çoxluğu ilə Makronu dəstəkləyəcəyi şübhəsizdir. Marin Le Pen populist çıxışları ilə seçicilərin 22 faizinin səsini qazanması ona növbəti turda müvəffəqiyyət vəd etmir. Hesab edirəm ki, Makron Fransa cəmiyyətinin böyük hissəsinin etimadını qazana biləcək. Marin Le Pen həm də çox qalmaqalllı şəxsiyyətdir. Fransanın tanınmış və lider siyasətçilərindən olan ata le Pen hətta qızının prezidentliyə namizəd olacağı təqdirdə onu övladlıqdan çıxaracağını bəyan etmişdi. Marin Le Pen isə atasına qarşı hörmətsizlik nümayiş etdirərək, açıq şəkildə atasına etiraz etmişdi". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, seçki marafonu ərəfəsində Marin Le Pen ermənilərin səsini qazanmaq niyyətilə Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyindən danışmışdı: "Rusiya siyasi kluarlarında isə eynilə ABŞ prezidenti Donald Trampın seçkilərində olduğu kimi Le Penin dəstəklənməsi kampaniyası aktiv olaraq aparılmaqdadır. Lakin Donlad Tramp seçildikdən sonra "Rusiyanın adamı" şayiəsini alt-üst etdi. Hər halda Fransada seçkiləri fransız xalqı müəyyən edir. Marin Le Penin prezident seçiləcəyi təqdirdə bu xanımın nə erməniləri, nə də rusları qane edəcəyinə əmin deyiləm. Bu siyasi texnologiyadır. Ümumilikdə isə fransızların ermənilərə sevgisi məlum məsələdir. Fransada kimin prezident seçilməsindən asılı olmayaraq ermənilərə olan məhəbbəti azaltmayacaq. Azərbaycan hakimiyyətinin bu ölkə ilə qurduğu münasibət və əlaqələr hələ ki, fransızların Ermənistana olan dəstəyinin hüquqi müstəviyə keçməsinin qarşısını ala bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə