Aydın Quliyev: "Cəbhədə baş verənlər Ermənistanın sistemli işinin tərkib hissəsidir" MÜNASİBƏT

Aydın Quliyev: "Cəbhədə baş verənlər Ermənistanın sistemli işinin tərkib hissəsidir" MÜNASİBƏT

"Ermənilərin cəbhə xəttində törətdikləri təxribatların hər birinin onlar üçün pərdəarxası mənası var". Bunu SİA-ya Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan hər dəfə olduğu kimi fevralın 24-dən, 25-nə keçən gecə cəbhədə təxribat törətməsi heç də təsadüfi deyil, onların apardığı sistemli işin tərkib hissəsidir: "Azərbaycan Xocalı faciəsi ərəfəsində həm ölkədə, həm də dünya miqyasında operativ, sistemli fəaliyyət həyata keçirməkdədir. Bu günlərdə görülən işər öz böyük nəticəsini verməkdədir. Artıq ABŞ-ın 23 ştatı Xocalı soyqırımını tanıyıb. Bu saya dünyanın bir çox ölkələrini də əlavə etsək deyə bilərik ki, bu gün 40-dan artıq parlament bu faciəyə lazımi qiymətini verib. Biz bunu ermənilərin 1895-ci ildən başladıqları qondarma "soyıqırmı" ilə bağlı kampaniyalarının yekun rəqəmi ilə müqayisə etsək görərik ki, ölkəmiz qısa müddətdə çox böyük nəticələr əldə edib. Bütün bunlar erməniləri narahat edir. Həmin işin nəticələrinə xələl gətirmək üçün ermənilər Xocalı öncəsi cəbhədə təxribata cəhd etdilər".

"Azərbaycan prezidenti İlham Əliyev həm Münhen konfransında, həm də ərəb ölkələrinin televiziyalarına verdiyi müsahibələrdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mahiyyətini bir daha ortaya qoydu. Bütün dünya gördü ki, münaqişənin dinc yolla həllində ən ardıcıl tərəf, məhz Azərbaycandır. Ölkə başçısının ortaya qoyduğu bu mövqe Ermənistanın nə qədər pozucu rolu olduğunu bir daha sübut etdi. Ermənilər bu diplomatik gedişlərin mahiyyətini öldürmək üçün çıxış yolunu, məhz cəbhədə təxribat törətməkdə tapmaq istədi. Bundan əlavə Ermənistanın daxilində qarışıq seçki prosesi gedir. Sarkisyanın komandası aprel ayındakı parlament seçkilərində böyük məğlubiyyətə uğrayacaqlarını gördüyü üçün əleyhlərinə olan seçki kampaniyasını aşağı salmaq istəyirlər ki, bunun da yolunu cəbhədə gərginlik yaratmaqda görürlər"- deyə, A. Quliyev vuğulayıb.

Azərbaycanın cəbhə xəttində təxribat törətməkdə maraqlı olmadığını deyən A. Quliyev əlavə edib ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadiqdir: "Ölkəmizin mövqeyi Prezident İlham Əliyevin dilindən ən yüksək səviyyədə açıqlanıb. Sülh yolu ilə həll prosesi nəticə vermədikdə, Azərbaycan açıq şəkildə ordusunun qurulması, silahlanması istiqamətində aparılan işlərin nəticəsi olaraq hərb yolu ilə torpaqlarını azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə