Böyük Britaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Meri Krofts ilə görüşüb.

Sədr səfirə gələcək diplomatik fəaliyyətində xalqlarımızın rifahı naminə uğurlar arzulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində dövlət və hökumət başçılarımızın rolu danılmazdır. Azərbaycan Prezidenti ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq ənənəvi hal alıb.

"Biz Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyət göstərməsini yüksək qiymətləndiririk. Bu gün Azərbaycanda 500-dən artıq Britaniya sərmayəli şirkət və çoxsaylı iş adamları fəaliyyət göstərirlər. Böyük Britaniya strateji əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişində Azərbaycanı həmişə dəstəkləyib. Ölkəmiz artıq TAP və TANAP kimi layihələrin icrasına start verib. Birgə Hökumətlərarası Komissiyanın yaradılması qarşıya qoyulan ümumi məqsədlərə çatmaq üçün uğurlu bir addımdır", - deyə Oqtay Əsədov vurğulayıb.

Milli Məclis sədri parlamentlər səviyyəsində əlaqələrimizin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, parlamentlərarası dostluq qruplarının qarşılıqlı mövcudluğu qanunvericilik strukturları arasında əməkdaşlığımızın əsasını təşkil edən amillərdəndir. Sədr parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab edərək vurğulayıb ki, nüfuzlu beynəlxalq qurumlarda, beynəlxalq parlament platformalarında deputatlarımız uğurlu əməkdaşlıq edirlər.

Xanım Karol Meri Krofts Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini söyləyib. Qeyd edilib ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsinə böyük maraq göstərir, burada həyata keçirilən qlobal enerji layihələrinin reallaşması üçün Azərbaycana gələcəkdə də dəstək vermək niyyətindədir.

Parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsini önəmli hesab edən diplomat bu sahənin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə