Gənclər Günü qeyd olunub SƏS TV

Gənclər Günü qeyd olunub SƏS TV

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir: "Hər il bu gün Azərbaycan gəncliyi tərəfindən böyük təntənə ilə qeyd olunur. Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. "Gənclər siyasəti haqqında" qanunla gənc nəslə dövlət qayğısının prinsipləri müəyyənləşdirilib. Eyni zamanda müvafiq dövlət proqramları vasitəsilə gənclərimiz dəstəklənir. Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır".

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioriteti olduğunu söyləyib: "Azərbaycan gəncliyi heç vaxt dövlətindən, mədəniyyətindən, tarixindən imtina edə bilməz. Gənclər hər zaman dövlətimizin, mədəniyyətimizin inkişafına çalışmalıdır. Bu gün Gənclər Günü Azərbaycanın hər bölgəsində qeyd edilir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov başqa ölkələrlə müqayisədə Azərbaycanda "Gənclər Günü"nün daha yüksək səviyyədə qeyd edildiyini bildirib: "Bu, Azərbaycan gəncliyinə qayğının təzahürüdür. Ulu Öndər Heydər Əliyevin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olub. Sonrakı dövrdə gənclər siyasəti ilə bağlı fərman imzalanıb, Gənclər Günü təsis edilib".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin gənclərə olan qayğısının daha da artdığını diqqətə çatdırıb. "Prezident İlham Əliyev Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu da göstərir ki, dövlət hər zaman gənclərə investisiya qoyur".

Sonda tədbir digər çıxış edənlərin fikirləri ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə