2017-ci mayın 15-dən 19-dək Fransa və İsveçrədə soydaşımız Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Festivalı keçiriləcək. Festivalın final konsertlərindən biri mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində baş tutacaq.
SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən müsabiqəyə Azərbaycanın Fransa və İsveçrədəki Səfirliyi, ölkəmizin BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi, Fransadakı Azərbaycanın Dostları Assosiasiyası, Fransanın Mədəniyyət Nazirliyi və digər qurumlar dəstək göstərir.
Artıq 21 ildir Fransa və İsveçrədə keçirilən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Festivalı Avropada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, gənc musiqiçilərə təhsil imkanları yaradır. Belə ki, nüfuzlu musiqi yarışının qalibləri Doyçe qrammafon, Soni, Fransa radiosu, Nyu York Filarmoniyası, Karneqi Holl, Nyu Yorkun Linkoln Mərkəzi kimi təşkilatlardan təhsil təqaüdü qazanıblar. Onların arasında azərbaycanlı gənc musiqiçilər də olub.
Qeyd edək ki, 25 ildir Fransada yaşayan Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Pianoçu 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB