"Hazırlıq kursları təhsilin keyfiyyətinə zərbə vurur" MÜTƏXƏSSİS RƏYİ

"Hazırlıq kursları təhsilin keyfiyyətinə zərbə vurur" MÜTƏXƏSSİS RƏYİ

"Məktəblər şagirdləri proqramlar, pedaqoji tələblər üzrə elə hazırlamalıdır ki, onların əlavə kurslara ehtiyacı olmasın. Əgər şagird məktəbdən kənarda kömək axtarırsa, demək həmin məktəbin səviyyəsi aşağıdır. Biz ilk növbədə belə ümumtəhsil məktəblərin təlim-tədris səviyyəsini qaldırılmalıyıq". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Əjdər Ağayev deyib.

Son dövrlərdə şagirdlərlə bağlı kursların sayının çoxaldığını deyən ekspert söyləyib ki, bəzən bu kurslar pedaqoji təhsili olmayan şəxslər tərəfindən açılır: "Bu gün yerindən duran hər kəs təhsillə bağlı kurs açır, kitablardan əzbərlənən materiallar əsasında təlimlər keçirirlər. Əgər bu kurslarda fəaliyyət göstərənlərin hər biri yüksək səviyyəli müəllimdirsə, o zaman məktəb niyə əziyyət çəkir? Təbii ki, onların da içərisində bəzi məktəblərdə olduğu kimi lazımı nəticə verən müəllimlərlə yanaşı, nəticə verməyən müəllimlər də var. Testləri əzbərlətmək təhsil demək deyil. Şagirdlər təhsillə yanaşı həm dünya görüşlü, həm də fiziki hazırlıqlı olmalıdır. Kurslar yalnız şagirdlərin yaddaşını möhkəmləndirir. Bu baxımdan təhsillə bağlı açılan kurslar nəzarətdə olmalıdır".

Ə. Ağayev qeyd edib ki, təhsillə bağlı kurslar şagirdlərin dərsə olan davamiyyətinə də mənfi təsir göstərir: "Bu gün 9-10-11-ci siniflərdə təhsil alan şagirdlər əlavə hazırlıq kurslarına getdikləri üçün dərsdən yayınırlar. Müəyyən məktəblər var ki, orada yuxarı siniflərdə 30 uşaq təhsil alır, amma cəmi 5 nəfəri dərsə davamiyyətlidir. Şagirdlərin əlavə kurslara getməsi, bizdə bir növ dəb halını alıb. Əgər biri kursa gedirsə, o birinin də valideyni uşağını kursa meylləndirir. Belə hallar məktəbin səviyyəsini daha da endirir. Çox təəssüf ki, bizdə fəaliyyət göstərən bəzi məktəblərin direktorları belə hallardan qazancəldə edirlər. Belə ki, onlar həmin şagirdlərdən pul almaqla, dərsdən yayınma hallarına göz yumurlar. Bütün bunlar təhsilin, təlimin keyfiyyətinə, uşaqların vətəndaş kimi formalaşmasına ziyan vurur. Yalnız məktəbi bitirən abituriyentlər müstəqil şəkildə repetitor, eləcə də müxtəlif kurslara gedə bilər. Lakin məktəbliləri məktəb özü hazırlamalıdır".

Ekspertin sözlərinə görə, şagirdlərin hazırlığı ilə bağlı əlavə kurslar lisenziya əsasında açılmalıdır: "Lisenziya yalnız pedaqoji təhsili və yüksək səviyyəli kadr potensialı olanlara verilməlidir. Təhsil elmini bilməyib bura müdaxilə edənlər vətəndaş mövqeyinin formalaşmasına ziyan vurur. Bunun qarşısı alınmalıdır.".

"Bizim təhsilin zəngin təcrübəsi var. Məktəblərin tələblərindən biri odur ki, təhsil səviyyəsi zəif olan uşaqlar dərsdən sonra saxlanmalı, onlara dövlət məktəblərində təmənnasız məşğələlər keçirilməlidir. Amma bu gün ən yaxşı məktəblərdə saat 13:30-a qədər dərs, saat 16:00-dan 20:00-dək pullu məşğələlər keçirilir. Bu uşaqların həddindən artıq yüklənməsinə və nəticə etibarı ilə zəifləməsinə gətirib çıxarır. Dövlət məktəbindən repetitor binası kimi istifadə etmək olmaz" - deyə, Ə. Ağayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə