Politoloq: “Qərbin ikili standartları rəsmi Bakıya yaxşı məlumdur” AÇIQLAMA

Politoloq: “Qərbin ikili standartları rəsmi Bakıya yaxşı məlumdur” AÇIQLAMA

"Bu yaxınlarda Avropa Parlamenti səsləndirdiyi rəsmi bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdi, Avronest qurumundan çıxmışdı. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirilib. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik". Bunu SİA-ya politoloq Zaur Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti daxili və xarici siyasətindəki müstəqilliyi ilə seçilib: "İş orasındadır kı, ölkəmizdən başqa digər keçmiş sovet respublikalarının apardığı xarici və daxili siyasət suveren deyil. Əslində, dünyanın bir çox siyasi aktorlarının xoşlarına gəlmədikləri də məhz budur. Azərbaycan müstəqil daxili və xarici siyasət aparır və bizə heç kim nəyisə diktə edə bilməz. Qərb ölkələrinin bizə qarşı apardıqları ikili standartlar rəsmi Bakıya yaxşı məlumdur. Gürcustan və Ukraynadan fərqli olaraq Azərbaycanın ağlı başındadır və biz başa düşürük ki, regional və beynəlxalq münasibətlərdə Azərbaycanın tərəfdaşlara ehtiyyacı var".

Zaur Məmmədov əlavə edib ki, təkcə Avropa və ABŞ Azərbaycana deyil, həm də Azərbaycan onlar üçün çox lazımdır: "Zəngin neft–qaz yataqları, müsəlman türk dövləti olan Azərbaycanın yerləşdiyi məkan onları bizimlə dil tapmağa vadar etməlidir. Cənab Prezident çox düzgün şəkildə Qərb dairələri tərəfindən bizə təzyiqlər gəldiyini vurğulayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə