“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur” MÖVQE

“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur” MÖVQE

"Səudiyyə Ərəbistanı Krallığı ilə sülh və sabitliyin bərqərar olmasında böyük əhəmiyyətə və mühüm rola malik Azərbaycan arasında yüksək, güclü və səmimi qardaşlıq əlaqələri mövcuddur". Bunu SİA-ya Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym 23 sentyabr – ölkənin Milli Günü münasibəti ilə açıqlamasında deyib.

O bildirib ki, 23 sentyabr günü hər bir səudiyyəli üçün əlamətdar gündür: "Çünki 1932-ci ilin bu günündə əlahəzrət Kral Əbdüləziz bin Əbdürrəhman Al Səud ölkəni "Səudiyyə Ərəbistanı Krallığı" adı altında birləşdirərək, dünyaya yeni bir dövlətin yarandığını bəyan etdi. Krallıq həmin hadisəni özünün Milli Günü kimi qeyd edir. Mərhum qurucu Kral otuz iki il ərzində çox çətin şəraitdə qəhrəmancasına yeni dövlətin bünövrəsini Allah Kitabı – Qurani-Kərim və onun peyğəmbərinin (ona Allahın salavat və salamı olsun!) sünnəsi əsasında quraraq, İslam dininin qaydaları ilə çiçəklənən, bu dinin saf və humanist təlimləri ilə dünyaya səs salan, sülh və xeyir yayan, elm və tərəqqiyə can atan, özünün və bütün bəşəriyyətin daha gözəl sabahına doğru sürətli addımlarla irəliləyən gənc bir dövlətin qüdrətli memarı olub. Bu inkişaf və quruculuq prosesi daha sonra onun sadiq övladları tərəfindən davam etdirilib və onlar dövlətçiliyin bütün sahə və səviyyələrində müasir tərəqqinin əsasını qoyublar".

Diplomat deyib ki, məhz bunun sayəsində Səudiyyə Ərəbistanı Krallığı bu gün İki Müqəddəs Məscidin xadimi Kral Salman bin Əbdüləziz Al Səudun rəhbərliyi dövründə özünün ən parlaq günlərini yaşayır: "Onun dövründə Krallıq bir çox sahədə, o cümlədən təhsil, səhiyyə, bələdiyyə işi, tikinti, yol və kommunikasiya sahələrində nəhəng layihələrin şahidi və icraçısı olub. Səudiyyə vətəndaşının məişət və təhsil səviyyəsinin artırılması, həmçinin müasir inkişaf və tərəqqiyə yönəlmiş digər işlər Krallığı dünyanın mütərəqqi ölkələri sırasına çıxarıb".

Səfirin sözlərinə görə, bu il Krallığın 2030-cu ilə qədər inkişaf strategiyası elan edilib ki, onun da əsaslarını Krallığın ərəb və islam dünyasındakı yeri, investisiya gücü, strateji coğrafi mövqeyi, vətənin inkişafı və vətəndaşların rifahı üçün özəl sektorun aktiv iştirakı təşkil edir.

"Krallıq təşəkkül tapandan bu yana o, özünün səmimi mövqeyi və dəyişməz prinsipləri ilə bütün beynəlxalq tribuna və kürsülərdən ərəb və müsəlmanların problemlərinin həllinə çalışır. 139 milyard dolları keçən yardımları ilə dünyanın hər guşəsinə xeyirxahliq yayır. Özünün düzgün siyasəti və dünyanın ən böyük enerji qaynaqlarının idarəçiliyi ilə dünya iqtisadiyyatının tarazlığını qoruyur. Siyasi, iqtisadi və ictimai sahələrdə beynəlxalq birlikdəki missiyasına uyğun olan böyük bir qlobal rola malikdir. Bunların sayəsində Səudiyyə Ərəbistanı Krallığı tək bizim deyil, bütün ərəb və müsəlmanların, eləcə də dünyanın bütün ləyaqətli insanlarının fəxr etdiyi əzəmətli bir ölkəyə çevrilib".

Müsaid bin İbrahim əs-Süleym əlavə edib ki, Səudiyyə Ərəbistanı Krallığı ilə sülh və sabitliyin bərqərar olmasında böyük əhəmiyyətə və mühüm rola malik Azərbaycan arasında yüksək, güclü və səmimi qardaşlıq əlaqələri mövcuddur: "Hər iki ölkə rəhbərləri - İki Müqəddəs Məscidin xadimi Kral Salman bin Əbdüləziz Al Səud və prezident İlham Əliyev bu əlaqələrə böyük diqqət yetirir. Keçən ilin aprel ayında İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkələrimizin dostluq və əməkdaşlıq tarixində yeni səhifələr açdı. Bu gün istər iki ölkəni, istərsə də bütün islam dünyasını maraqlandıran məsələlərlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq və hərtərəfli koordinasiya mövcuddur. Qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə, xüsusən də iqtisadi, investisiya və turizm sahələrində irəli aparmaq üçün güclü iradə, həqiqi əzim, qəti bir istək vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə