26 Sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar "Bələdiyyə" təşviqat qrupu Nəsimi rayonunda seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoyub: "Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaradıb, Azərbaycanı dünyada sosial- iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasına çıxarıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub. Ölkəmizin inkişafı qanunvericilikdə zamanın tələblərinə uyğun dəyişikliklər olunmasını tələb edir. Ölkəmizdə sonuncu Konstitusiya islahatları 2009-cu ildə baş tutmuşdu. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın 26 sentyabrda səs verərək Referendum Aktı lahiyəsini dəstəkləyəcəyi şübhəsizdir".
Görüşdə çıxış edən Nəsimi rayon Bələdiyyəsinin sədri Nazim Qaraxanov Konstitusiyada dəyişikliklər edilməsinin ölkəmiz üçün faydalılığından bəhs edərək bildirib ki, ölkə inkişaf etdikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, ölkəmiz beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır.
N.Qaraxanov qeyd edib ki, sentyabrın 26-na təyin edilmiş Referenduma Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib6" Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib".
Görüşdə çıxış edən seçicilər 26 sentyabrda seçki məntəqələrinə gələrək, Referendum Aktı lahiyəsini dəstəkləyəcəklərini bildiriblər.
Binəqədi rayonu
Referendum üzrə "Bələdiyyə" təşviqat qrupun Biləcəri qəsəbəsində yaşayan seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, Biləcəri Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon bələdiyyələrinin üzvləri, Biləcəri qəsəbəsində yaşayan seçicilər iştirak ediblər.
Görüşü giriş nitqi ilə Ramiz Göyüşov açaraq Azərbaycan Konstitusiyasının ilk dəfə 1995-ci ilin 12 noyabr tarixində dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildiyini vurğulayıb: "İndiyədək 2002-ci və 2009-cu illəri əhatə etməklə Konstitusiyaya 2 dəfə əlavə və dəyişikliklər edilib. Ölkəmizdə qüvvədə olan bütün qanunvericilik bazasının ali qanunlar toplusu olan ölkə Konstitusiyasına əsaslandığından Konstitusiyanın təkmilləşdirilməsi vacibdir".
Ramiz Göyüşov Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin 26 sentyabr tarixində ölkəmizdə növbəti referendumun keçiriləcəyini bildirərək 29 maddəni əhatə edəcək əlavə və dəyişikliklərin zərurət olduğunu vurğulayıb. Sədr ayrı-ayrı maddələr ətrafında fikirlərini bölüşərək, irəli sürülən təkliflərin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, idarəetmənin təkmiləşirilməsi və vətənaşların hüquq və azadlıqlarının daha yüksək təminatına səbəb olacağını söyləyib. Həmçinin son 13 il ərzində ölkəmizdə və Binəqədi rayonunda görülən işlər haqqında ətraflı danışıb.
Görüşdə çıxış edən Cahangir Qocayev son illər Biləcəri qəsəbəsinin simasında ölkəmizin bütün regionlarında həyata keçirilən uğurlu islahatlardan, görülən işlərdən bəhs edib. O daha sonra Konstutusiyaya təklif edilən bir sıra maddələr haqqında geniş izahat verib.
C. Qocayev vitse prezidentlik institunun yaradılmasının dünya təcrübəsində mövcud olduğunu, sərbəst toplaşmaq azadlığı haqqında maddədə əxlaq normalarının müəyyən edilməsini, millət vəkillərinin fəaliyyətinə nəzarəti nəzərdə tutan bir sıra maddələrin önəmini vurğulayıb: "Bütün bu əlavə və dəyişikliklər dövlətin idarəçilik əsaslarının möhkəmlənməsinə xidmət edəcək".
Yaqub Vəliyev isə çıxışında sahibkarlıq fəaliyətini, bələdiyyə və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılmasını nəzərdə tutan maddələr haqqında ətraflı izahat verib. O, dünya təcrübəsinə istinad edərək bir sıra ölkələrin konstitusiyalarına əlavə və dəyişikliklərin edildiyini, hətta ABŞ konstitusiyasına bu günədək 27 dəfə dəyişiklik ediliyini qeyd edib. Bu baxımdan referendumun inkişafın və yeniləşmənin bir təzahürü olduğunu diqqətə çatdırıb. Referendumun mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bütün seçiciləri seçkidə fəal olmağa çağırıb.
Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Bərdə rayonu
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-Referendumla bağlı "Bələdiyyə" təşviqat qrupu Bərdə rayonunun Mehdixanlı kəndində seçicilərlə görüşü keçirilib. 2000 seçicinin iştirak etdiyi görüşdə, Bərdə rayonunun Mehdixanlı - Tağılar bələdiyyəsinin sədri Mənsumə Bayramova "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin sürətli tərəqqisinə təkan verəcək: "Bu dəyişikliklər eyni zamanda xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Azəraycan xalqının böyük seçki təcrübəsi var. Əminəm ki, xalqımız budəfəki səsvermədə də fəal olub, həm özünün, həm də ölkəmizin işıqlı gələcəyinə "Hə" deyəcək. Bütün seçiciləri səsverməyə dəvət edirəm".
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, ümumxalq səsverməsi- referenduma çıxarılan məsələlər xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının daha səmərəli idarə olunmasına, ümumilikdə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edəcək: "Əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı səs vermə günü seçki məntəqələrinə gedərək öz dövlətinin inkişafına xidmət edən Referendum Aktı dəstəkləyəcək".
Görüşdə söz alan "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə iştirakçılara Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini izah edib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklər cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün böyük əhəmiyyətə malikdir: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər iqtisadi idarəçiliyin təkmilləşməsi, təhlükəsizlik sisteminin möhkəmlənməsi və insan hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirir. Ümid edirəm ki, seçki günü hər kəs öz seçki hüququndan istifadə edərək Azərbaycanın inkişafı naminə səs verəcək".
Daha sonra rayonun Mehdixanlı-Tağılar bələdiyyəsinin sədri Mənsumə Bayramova çıxış edib. O rayon seçicilərini ümumxalq səsverməsində fəal iştirak etməyə və Azərbaycanın daha da inkişafı, ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan Əlavə və dəyişiklikləri təsdiq etməyə çağırıb.
Çıxış edən seçicilər seçki məntəqələrinə gələrək Referendum Aktına səs verəcəklərini bildiriblər.
Ağdam rayonu
09 sentyabr 2016-cı il tarixdə saat 15:00-da Ağdam rayonu Quzanlı qəsəbəsindəki Musiqi Kollecinin akt zalında "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirilib. Görüşdə millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Zülfü Qasımov 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı seçicilərə ətraflı məlumat verib. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək ölkəmizdə keçiriləcək Referendumun Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını seçicilərin diqqətinə çatdıraraq onları 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda ediləcək əlavə və dəyişikliklərə "Hə" deməyə çağırıb.
Quzanlı bələdiyyəsinin sədri Mehdi Məmmədov bələdiyyə işçilərinin adından çıxış edərək 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda ediləcək əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB